«21 Azər» Hərəkatının 69-cu ildönümü qeyd olunub Hadisə

«21 Azər» Hərəkatının 69-cu ildönümü qeyd olunub

Azərbaycanda fəaliyyət göstərən İranlı Müharicərlər Cəmiyyətində ötən şənbə günü "21 Azər" Hərəkatının 69-cu ildönümü qeyd olunub. Mərasimdə cəmiyyət üzvləri olan hərəkat iştirakçıları, şahidləri və onların ailə üzvləri ilə yanaşı, tədqiqatçı alimlər, ziyalılar, media təmsilçiləri iştirak ediblər. Bu münasibətlə düzənlənən tədbiri İMC-nin sədr müavini Valeh Quluzadə açıb.
Öncə cəmiyyətin il ərzində dünyasını dəyişən üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İMC-nin sədri R.Hüseynzadənin "21 Azər" Hərəkatının 69-cu ildönümünə həsr olunmuş məruzəsi dinlənilib. R.Hüseynzadə bildirib ki, "21 Azər"ədək də 20-ci əsrdə İranda xalq hərəkatları, inqilablar baş verib. Lakin bu hərəkat sözün əsl mənasında fundamental, bənzərsiz siyasi hadisədir. İstər Səttarxan (1905-1911-ci illərin İran inqilabı), istər Şeyx Məhəmməd Xiyabani (1918-1920-ci illər) hərəkatları, istər sə də 1979-cu ilin "22 Bəhmən" inqilabı mahiyyətinə və xalqa keyfiyyətcə bəxş etdiklərinin miqyasına görə "21 Azər"lə müqayisəyə gəlməzdir. İctimai qayəsinə görə bu hərəkatın miqyası daha böyük idi. Belə ki Tənbəki üsyanından başlayaraq "22 Bəhmən"ə qədər baş verən inqilablar və üsynalar tamamilə siyasi xarakter daşıyıb. Ancaq siyasi hakimiyyətlərin dəyişməsilə başa çatıb. Azərbaycan Demokrat Hərəkatının rəhbərlik etdiyi "21 Azər" Hərəkatı və yaratdığı Milli Hökumət təkcə siyasi dəyişiklikləri ilə deyil, bütün ictimai, iqtisadi və mədəni sahələrdə apardığı köklü dəyişiklikləri ilə yadda qalıb. İl ərzində ADF-nin gördüyü işlər İran tarixində yüz ildə həyata keçirilənlərə bərabər idi. Bunun da köklərinin 1324-cü ilin 12 şəhrivərində (3 sentyabr 1945-ci il) ADF-nin yaradıcıları tərəfindən imzalanan Bəyannamənin dünyəviliyinə, bütün İran xalqlarının mənafeyi ilə kəsişməsinə əyani sübut idi.
Tarixçi alim Əkrəm Rəhimli bildirib ki, "21 Azər" tariximimiz zinətli səhifəsidir. İnqilabın həyata keçirdiyi islahatların möhtəşəmliyini qərbli siyasətçilər də etiraf etməli olmuşdular". O, Milli Hökumətin həyata keçirdiyi islahatların miqyasını açıqlayıb. Dil, torpaq, sosial, ordu quruculuğu, mədəni və s. sahələrdə islahatların hələ bu hərəkatadək heç bir inqilab tərəfindən reallaşdırılmadığını deyib: "Elə bu səbəbdəndir ki, "21 Azər"in əlehdarları da az deyil. Bu barədə kifayət qədər yazılıb və yazılmaqdadır".
Əkrəm Rəhimli konkret misallarla bunu əsaslandırıb. Tarixçi alim Sübhan Talıbov bildirib ki, "21 Azər" elə bir reallıqdır ki, onu artıq İranın müvafiq dairələrində də aydın dərk etməkdədirlər. Bu yaxınlarda Əkrəm Rəhimlinin hərəkata aid kitabının Tehranda fars dilində nəşrdən çıxması bunu sübuta yetirir.
Tarixçi alim Səməd Bayramzadə 69 illik mühacirət həyatının məxsusi cəhətlərindən söz açıb: "1946-cı ilin dekabrında müharicərətə gələndə sıralarımızda cəmi 15 nəfər ali savadlı var idi. 70-ci illərdə onların sayı 15 minə yaxın idi. 300 nəfəri elmlər namizədi və elmlər doktoru adını daşıyırdı. Sosialis əməyi qəhrəmanlarımız, dövlət mükafatları ilə təltif olunanlarımız kifayət qədər idi. İndi də cənublu qardaş və bacılarımız bizdən doğmalıq və qayğılarını əsirgəmirlər".
"21 Azər"in iştirakçısı və şahidlərindən Səyyad Dasi, Kamil Pənahi və başqaları çıxışlarında xatirələrini dilə gətiriblər.