“Kasprşikin mandatının uzadılmasına ehtiyac yoxdur” Hadisə

“Kasprşikin mandatının uzadılmasına ehtiyac yoxdur”

Akif Nağı: "Onun 20 il bu vəzifəni icra etməsi Avropa qaydalarına uyğun gəlmir"

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və fəaliyyətdə olan sədrin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingerin mandatının uzadılmasına heç bir ehtiyac yoxdur". Bu fikirləri Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Kasprşikin 20 il bu vəzifəni icra etməsi Avropanın elan etdiyi prinsiplərə uyğun gəlmir: "Anjey Kasprşik artıq Cənubi Qafqazda rüşvətxor məmura çevrilib. Hər dəfə ATƏT-ə yeni sədr təyin olunanda onun da mandatı uzadılır. Ümumiyyətlə maraqlıdır ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi nə işlə məşğul olur? Funksiyasının nədən ibarət olduğu məlum deyil. Anjey Kasprşik bu vəzifəyə təyin olunandan bəri hərdənbir formal monitorinq keçirir. Gördüyünə də obyektiv qiymət vermir. Bir neçə dəfə olub ki, Anjey Kasprşikin gözü qarşısında atəşkəsi ermənilər pozublar. Amma bu faktı deməkdən çəkinib. Ona görə də bu şəkildə formal fəaliyyət heç kimə lazım deyil. Ümumiyyətlə şəxsi nümayəndə vəzifəsinin qalmasına ehtiyac yoxdur".
A.Nağı əlavə edib ki, Anjey Kasprşikin mandatının uzadılması məntiqdən kənar məslədir: "Bu qədər uzun bir müddətdə yarıtmaz fəaliyyətdə onun çalışması yolverilməzdir. Hesab edirəm ki, onun mandatının uzadılmasına dəyməz və bu vəzifə ləğv olunmalıdır".

Əli