Vaksinasiya nəticəsində bir çox ölkəyə maneəsiz səfər mümkün olacaq - Assosiasiya Hadisə

Vaksinasiya nəticəsində bir çox ölkəyə maneəsiz səfər mümkün olacaq - Assosiasiya

Hazırda pandemiya böhranından çıxmaq, xəstələnmə risklərini minimuma endirmək və rahatlıqla səyahət etməyin ən real həlli vaksinləşmədə görünür.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, hazırda dünyada COVİD-19 virusuna qarşı vaksinasiya sürətlə gedir:

"Bir ilə yaxındır ki, dünya ölkələri pandemiyadan zərər çəkir. İnsanların koronavirusa yoluxma riski eyni zamanda iqtisadi çətinliklər də yaradıb. Mövcud vəziyyətdən çıxış yolu vaksinləşmədən keçir. Beləcə, yoluxma sayı azalacaq və insanlar bir çox ölkələrə maneəsiz səfər edəcəklər. Turizm ölkələri üçün vaksin olunan turistlərin daha risksiz və əlverişli olması sirr deyil. Bu səbəbdən dünyada nə qədər sürətli vaksinləşmə gedərsə, bir o qədər də pandemiyaya qalib gələrək rahatlıqla səyahət etmək mümkün olacaq".

G.Qəhrəmanov qeyd edib ki, hətta bir neçə ölkə artıq iki doza vaksin olunmuş xarici turistləri qəbul edəcəklərini bildiriblər.

Şura sədri bildirib ki, Avropa ölkələri vahid COVİD pasportunun olmasının vacibliyini və bu pasport sahiblərinin rahatlıqla səyahət etməsinə icazə verilməsini təklif edirlər.