Rusiyanın açarı işə düşməsə... Hadisə

Rusiyanın açarı işə düşməsə...

Arzu Şirinova

Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı maraqlı məqamlardan biri də bu ölkənin kansleri Angela Merkelin Dağlıq Qarabağ probleminə yanaşması və atəşkəs rejiminin pozulmasında günahkar qismində ünvanın birbaşa göstərilməsi oldu. Yəni Merkel qoşunların təmas xəttində atəşkəsin pozulmasında Rusiyanın Ermənistana dəstək verməsi amilini ilk dəfə yüksək tribunadan səsləndirdi. Bizdə də o saat fikirləşdilər ki, Almaniyanın Dağlıq Qarabağla bağlı siyasətində ədalətli yanaşma baş verib. Və əgər ATƏT-in Minsk qrupunda həmsədr kimi fəsliyyət göstərən və Ermənistanın sözünü deyənlərdən biri-Fransanı Almaniya əvəzləsə o zaman münaqişənin ədalətli həllinə daha tez nail olmaq mümkündür. Artıq neçə gündür özümüzü buna inandırmağa çalışırıq və bu istiqamətdə şərhlərimizi veririk. Bəziləri də bildirir ki, Faransanı da incik salmamaq üçün üçlük formatı dördlüklə-ABŞ, Fransa, Rusiya və Almaniya-genişlənsin. Bu fikirdə olanlar da var ki, dörtdlük formatına Türkiyə də əlavə olunsa, olar beşlik və balans bir qədər qorunar. Yəni Almaniya və Türkiyə Azərbaycanın bu problemdə haqlı tərəf olduğunu danışıqlar zamanı önə çəkər...
Merkelin bu cür yanaşmasının və həqiqəti görməsinin hardan qaynaqlandığının cavabını Rusiyanın Ukrayna ilə bağlı siyasətində axtarmaq lazımdır. Rusiya Ukraynanın ərazisi sayılan Krımı işğal etməsəydi, Donetsk və Luqanskada vəziyyət son həddə çatmasaydı sözsüz ki, Merkel bu ifadələri səsləndirib Azərbaycanı həvəsləndirməzdi. Əslində Merkelin dedikləri təzə xəbər deyil. ATƏT-in Minsk qrupunda olan ölkələr də, bizə dost olan ölkələr də, Azərbaycan ictimaiyyəti də bilir ki, Ermənistan Rusiyadan kənar siyasət qura bilmir. Dağlıq Qarabağ problemi də buna daxil. Avtəşkəsin pozulması da Rusiyanın razılığı olmadan baş verməyib. Rus əsgərinin Gümrüdə bir erməni ailəsini qətlə yetirməsi və buna etiraz olaraq ermənilərin ayağa qalxmasını görən rus və erməni başbilənləri cəbhəboyu atəşkəsin pozulması üçün düyməyə basıblar. Nəticədə də üç əsgərimiz şəhid olub. Ötən ilin avqust ayında eyni olmasa da, buna bənzər hadisə baş verdi. Və o zaman Azərbaycanın 13 hərbiçisi şəhid oldu. Atəşkəsi də təbii ki, Ermənistanın diversiya qrupu pozmuşdu. Almaniya da daxil, dünya dövlətləri atəşkəsi pozan Ermənistanı əməllərindən çəkindirmək əvəzinə, Ermənistanla Azrbaycana tövsiyyələr verib atəşkəs rejiminə əməl etməyə çağırdılar. Yəni əməli törədənlə, əməldən qorunanı bir tərəziyə qoydular. O cümlədən, Dağlıq Qarabağ problemində Rusiyanı günahkar bilən Almaniya kansleri Angele Merkel nə vaxtsa Rusiyaya sanksiyalar tətbiq olunmasını istəyibmi? Nə vaxtsa bildiribmi ki, Azərbaycanın 20 faiz torpaqlarının işğalını Ermənistan təkbaşına həyata keçirə, bir milyondan artıq qaçqın və məcburi köçkününü yurdundan didərgin sala bilməz və bunun arxasında Rusiya dayanır, ona görə də Ermənistan da daxil bu ölkəyə sanksiya tətbiq olunmalıdır? Təbii ki, istəməyib və bundan sonra da istəməyəcək.
Ancaq Ukraynaya görə Avropa Birliyi ölkələrinin istəkləri bitib tükənmir. Dəfələrlə Rusiyaya tətbiq olunan sanksiyalara yenisinin əlavə olunmasına baxılacaq. Yəni məlumata görə, Avropa Birliyi ölkələrinin liderləri Xarici İşlər Nazirləri Şurasından Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirməyi xahiş edib.
"Frans Press" bildirir ki, yeni sanksiyaların qəbulunun zəruriliyi Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi ilə bağlıdır.
Avropa Birliyi ölkələrinin liderləri xarici siyasət idarələrinin rəhbərlərinə vəziyyəti dəyərləndirməyi və sanksiyalar daxil olmaqla, istənilən müvafiq tədbirlər görməyi təklif ediblər...
Buna görə də, ATƏT-in Minsk qrupunda hansı ölkənin təmsil olunmasına baxmayaraq Dağlıq Qarabağ problemi Rusiyanın açarı işə düşmədən həllini tapmayacaq. Bu açarın işə düşməsi isə özümüzdən asılıdır...