Xaçmazda “Xarıbülbül” abidəsi qoyulub - FOTO Hadisə

Xaçmazda “Xarıbülbül” abidəsi qoyulub  - FOTO

Xaçmazın Qıraqlı kəndində Vətən müharibəsindəki şanlı zəfərimizin şərəfinə Qələbə parkı inşa olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, istirahət parkında zəfər simvolumuza çevrilən “Xarıbülbül”ə abidə qoyulub.

Ulu öndər Heydər Əliyevin doğum günü ist

ifadəyə verilən park sakinlərin və kəndə gələn qonaqların sevimli ziyarət yerinə çevrilib. İstirahət guşəsi ölkəmizin ilk uşaq telekanalı “ARB Günəş”in rəhbəri Məhsim Məhsimovun təşəbbüsü ilə özünə məxsus həyətyanı sahəsində yaradılıb.

400 kvadratmetr ərazisi olan istirahət məkanında dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə oturacaqlar qoyulub. Parkda qoyulan “Xarıbülbül” abidəsinin müəllifi Şıxəli Təhməzovdur. Abidənin ətrafına vurulan mərmər lövhələrdə Milli Qəhrəman Yavər Şahbazov, Birinci Qarabağ savaşının şəhid və veteranları, Vətən müharibəsinin iştirakçıları, müharibə və silahlı qüvvələr veteranı, polkovnik Heybət Cabarov, ikiqat paralimpiya çempionu, əməkdar idman ustası İlham Zəkiyev haqqında məlumatlar qeyd olunub. Yerli bələdiyyənin qərarı ilə parkın yerləşdiyi küçə Qələbə küçəsi adlandırılıb.

Parkla tanışlıq zamanı Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, zəfər tarixinin təbliği üçün bu kimi layihələr vacibdir: “Ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğulların xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illərdir işğalda olan torpaqlarımız məhz onların şücaəti nəticəsində azad edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Bütün dövlət qurumları və təşkilatlar tərəfindən Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür”.

Əməkdar idman ustası İlham Zəkiyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin qəhrəman döyüşçülərə verilən dəyərin göstəricisi olduğunu söyləyib: “Uşaqlığım bu kənddə keçib və mən çox şadam ki, burada belə bir park salınıb, abidə qoyulub. Bu parkda mənim də xidmətlərimi əks etdirən lövhə var”.

Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun atası Əlibala Şahbazov da oğlunun doğulduğu kənddə xatirəsinin əbədiləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Parkın salınmasının təşəbbüskarı olan “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov bildirib ki, kiçik bir kənd olmasına baxmayaraq, Birinci Qarabağ müharibəsində Qıraqlı dörd şəhid verib. Milli Qəhrəman Yavər Şahbazov bu kənddə doğulub. Vətən müharibəsində isə iyirmi dörd kənd sakini torpaqların azadlığı uğrunda döyüşüb: “Şanlı zəfərimizdən sonra qələbəmizin memarı Ali Baş Komandan, düşmənə diz çökdürən igid oğullarımız və torpaqlarımızın azadlığı uğrunda canını belə əsirgəməyən qəhrəman şəhidlərimiz qarşısında özümə borc bildim ki, bu layihəni həyata keçirim. Arzumu həyata keçirməkdə mənə yardımçı olan bütün vətənsevər insanlara öz təşəkkürümü bildirirəm”.

Vətən müharibəsində Xaçmazın 50 qəhrəman oğlu şəhidlik zirvəsinə ucalıb. Birinci Qarabağ savaşında isə bu rayondan 228 nəfər torpaqlarımızın azadlığı uğrunda şəhid olub.