Öldürülən TV operator bu gün dəfn olunacaq Hadisə

Öldürülən TV operator bu gün dəfn olunacaq

TV Pirveli operatoru Lekso Laşkarava bu gün dəfn ediləcək.

"Xalq Cəbhəsi" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimi saat 15.00-da Tbilisidə yerləşən Cikia qəbiristanlığında (İoseliani küçəsi)
baş tutacaq.

Xatırladaq ki, L.Laşkarava iyulun 5-də Tbilisidə cinsi azlıq əleyhdarlarının törətdikləri iğtişaşlar zamanı fiziki təzyiqə məruz qalıb. O, bir neçə gün xəstəxanada müalicə olunandan sonra evə buraxılıb. Telekanal əməkdaşının döyülməsi faktı üzrə 5 nəfər saxlanılıb. Mətbuat nümayəndəsinin vəfatından sonra Gürcüstanda vəziyyət gərginləşib. 11-12 iyul tarixlərində Tbilisidə parlament binasının, hökumət administrasiyasının və hakim "Gürcü Arzusu"nun mərkəzi qərargahının qarşısında bir sıra baş nazirin istefası tələbi ilə etiraz aksiyaları keçirilib. Müxalif partiyalar və "Mtavari Arxi", "TvPirveli" və "Formula" telekanalı L.Laşkaravanın vəfat etməsində hökuməti günahlandırır və istefa çağrışları edir. L.Laşkaravanın vəfatından bəri Daxili İşlər Nazirliyi (DİN) istintaqla bağlı 4 dəfə açıqlama verib. DİN-in axrıncı açıqlamasında qeyd olunub ki, L.Laşkaravanın ölümünə səbəb narkotik vasitələrdən həddindən artıq istifadə olub.

Qeyd edək ki, mərhum operatorun ölümü ilə əlaqədar istintaq davam edir.

Cavid