"Koronavirus təhlükəsi hələ qalıb, mübarizəni gücləndirməliyik" Hadisə

"Koronavirus təhlükəsi hələ qalıb, mübarizəni gücləndirməliyik"

Koronavirus təhlükəsi hələ də üzərimizdə çəkilməyib, təkcə Azərbaycanda yox, dünyanın əksər inkişaf edən ölkələri bu virusun əsirinə çevrilib. Buna qarşı sərt mübarizə metodlarından istifadə edilir. Baxmayaraq ki, Azərbaycan hökuməti koronavirusla mübarizədə effektli üsullarından istifadə etməklə digər ölkələrlə müqayisədə əhalinin sağlamlığını qoruyub saxlaya bilib. Amma buna tam arxayınlaşmamalıyıq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov bildirib.

Onun sözlərinə görə, vəziyyət qonşu ölkələrdə ürəkaçan deyil və onlar da bu təhlükənin artırdığını görüb əməli tədbirlərin həyata keçirilməsini yenidən gündəmə gətiriblər: "Məsələn, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayıda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir
Qonşu Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib
Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb
İranda yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma halı".

Politoloq qeyd edib ki, Gürcüstanda sabahdan etibarən açıq havada maska taxmaq məcburi olacaq: "Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze bildirib ki, bu məhdudiyyət epidemiyanın pisləşməsi səbəbindən qəbul edilib. Ölkədə 5 nəfərdən çox adamın toplaşdığı açıq məkanlarda, hər yerdə maska taxmaq məcburi olacaq. Karantin rejiminin yumşaldılması bir tərəfdən yaxşı olsa da, digər tərəfdən arxayınlaşmanın pis fəsadlarına gətirib çıxardıb. Təhlükə hələ də qalmaqdadır. Virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır. Birlikdə bu virusa qarşı mübarizə aparmalıyıq. Sağlamlığımızı, təhlükəsizliyimizi qorumalıyıq".

Cavid