Xətai Sənət Mərkəzində sərgi - Baharın rəngləri Mədəniyyət

Xətai Sənət Mərkəzində sərgi - Baharın rəngləri

“Heydər Əliyev İli” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin birinci yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək müsabiqə barədə məlumat verib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının üzvü, gənc fəal Sahib Şəmizadə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Hüseynov və digərləri çıxış edərək müsabiqə və sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər sərgilənmək üçün seçilib.

Sonra sərginin açılışı olub. Sərgidə 200-dən çox rəsm əsəri nümayiş olunur. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və ən az 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif ediliblər.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.