“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı - Şuşadan dünyaya ünvanlanan sülh mesajı - ŞƏRH Mədəniyyət

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı - Şuşadan dünyaya ünvanlanan sülh mesajı - ŞƏRH

Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mühüm əhəmiyyət kəsb edir. Festivala bir sıra ölkələrin nümayəndələrin qatılması, eyni zamanda, mədəniyyət xadimlərinin çıxışı onu deməyə əsas verir ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mahiyyət etibarilə heç də digər beynəlxalq musiqi yarışmalarından geri qalmır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

Şuşanın tarixi simasının bərpası istiqamətində dövlətimiz tərəfindən fəal iş aparıldığını bildirən deputat qeyd edib: “Şuşa, sözün əsl mənasında, dirçəlir. Şəhərin bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdı. Lakin hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Şuşada, həmçinin inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu istiqamətdə işlər öz həllini tapır”.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün böyük qürur hissi ilə Qarabağın tacı Şuşada qeyd edildiyini xatırladan Cəbi Quliyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak ediblər və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Deputatın sözlərinə görə, Şuşa şəhərinə qayıdan sakinlərlə görüşən Azərbaycan Prezidenti bundan sonrakı məqam üçün bir sıra konturları müəyyənləşdirərkən deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Hazırda Azərbaycanın ICESCO ilə sıx əməkdaşlıq etdiyini vurğulayan deputat qurumun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında iştirakına və çıxışına diqqət çəkib: “ICESCO-nun Baş direktorunun Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu deməsi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğulaması Azərbaycan Hökumətinin gördüyü işlərin beynəlxalq qurumlar tərəfindən də dəstəklənməsi deməkdir. Hazırda ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq həyata keçirilir və əlaqələrimizin perspektivləri kifayət qədər genişdir. ICESCO-nun Baş direktoru çıxışı zamanı bu məsələyə xüsusi toxunaraq bildirdi: “Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir”. O bildirib ki, Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərirlər, orada təcrübəli ekspertlər kimi çalışırlar”.

Cəbi Quliyevin sözlərinə görə, bütün bunların fonunda artıq ənənə halını almış Beynəlxalq Musiqi Festivalının keçirilməsi Azərbaycan mədəniyyətinin inkişafı ilə yanaşı, Şuşadan dünyaya bir sıra mesajlar verir ki, bu mesajlar da sülhə hesablanıb. Sülh isə region üçün vacib amillərdən biridir.