Fransız romantizmində mürtəce romantiklərin ideyaları Mədəniyyət

Fransız romantizmində mürtəce romantiklərin ideyaları

XIX əsrin başlanğıcında mürtəce romantiklərin meydana atıldığı dönəmdə Fransa romantizmi İngiltərədə olduğu kimi vahid istiqamətli bir cərəyan olmayıb. Fransada qızğın və gərgin tarixi hadisələr baş verdiyindən cəmiyyətin qabaqcıl və mürtəce qüvvələrinin mübarizəsi ədəbi həyatda da özünün aydın inikasını tapırdı. Həmin dövrlərdə Fransada bir sıra publisistlər, filosoflar, yazıçılar fəaliyyətə başladılar. Bu cür filosof və yazıçılar maarifçilərin ideyalarını tamamilə məhv edirdilər. Əslində bu cür filosoflar ağlı bütün bəlaların mənbəyi hesab edirdilər. Hətta onlar dinin, kilsənin hüquqlarının bərpa edilməsini tələb edirdilər. Maarifçilərə qarşı çaxaraq dini etiqad və vicdan azadlığını rədd edirdilər.
Bu cür ideyalarla çıxış edənlərdən Bonald, Jozef de Mestr, Şatobrian, Alfred de Vini, Alfred de Myüsse və Jermena Stal idi. Bonald (1753-1840) özünün "Siyası və dini hakimiyyətin nəzəriyyəsi" adlı əsərində "XVIII əsrin mütəfəkkirləri özləri ilə böyük bəla gətiriblər" fikrini irəli sürüb. Bonlada görə ağıl şər mənbəyidir, insanı saxtakarlığa öyrədir. Bonald söz və vicdan azadlığını məhv etməyə, mütləqiyyəti bərpa etməyı çağırırdı. "Papa haqqında" əsərinin məşhur müəllifi Jozef (1754-1821) isə ondan daha irəli gedərək katolik kilsəsinin başçısı məsələsini irəli sürür. Jozef de Mestr ölüm cəzasının bərpasını tələb edirdi. Belə mühakimə yürüdürdü ki, ölüm cəzası zəruridir. Jozefin zənnincə, hakimiyyətin gücü cəlladın qollarındadır. Jozef de Mesterə görə "Əgər dünya bu yenilməz qüvvədən məhrum edilsə, həmin saat qayda-qanunlar pozular, özbaşınalıqlar əmələ gələr, taxt-tac yıxılar və cəmiyyət yer üzündən silinər".
Mürtəce pomantizmin ən görkəmli nümayəndələrindən, qədim əsilzadə nəslindən olan Şatobrian XVI Lüdovikin sarayında yaşayarkən oradakı əxlaq pozğunluğundan qəzəblənərək, mövcud vəziyyəti dəyişmək üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini vurğulayır. Elə bu səbəbdən də inqilaba düşmən kəsilərək Fransadan mühacirət edən şahzadə Kondun ordusuna qoşuldu. "İnqilablar haqqında mühakimə" əsərində müəllif belə hesab edir ki, bəşər tarixi fəlakətlər tarixindən ibarətdir. Bir müddət sonra Amerikaya gedən müəllif "Naçezlər" əsəri ilə Amerikada yaşayan bir vəhşi qəbilənin adını qələmə alsa da bu əsər bütöv və bitkin bir şəkildə meydana çıxmağa müvəffəq olmadı. Əsərdə vahid bir süjet xətti olmayan ayrı-ayrı parçalar, qeydlər və yol təəssüratları, iki mindən çox mənasız, uzun və sistemsiz hadisələr öz əksini tapıb. "Xristianlığın ruhu" əsərini də müəllif mürəkkəb, ədalı və süni bir dildə yazdığı üçün Marksın çox ciddi tənqidinə tuş gəlmişdi. Marks onu "mənfur yazıçı" adlandırıb.
Öz ictimai mənşəyi etibarı ilə zadəgan olan Alfred de Vini (1797-1863) "Musa", "Samson", "Eloa", "Sen Mar", "Şairin gündəliyi", "Hərbi həyatın köləliyi və əzəməti" və "Çatterton" adlı əsərləri ilə mürtəce romatiklər arasında özünə məxsus yer tutub. Alfred zadəgan vərdişləri ilə yaşayan ailədə böyüdüyündən inqilaba nifrət edir. Hər şeydən tamamilə uzaqlaşmaq, məğrur tərzdə yalqız qalmaq motivi onun yaradıcılığında əsas yer tutur. "İztirab insanın əbədi nəsibidir" düşüncəsi yaradıcılığının qayəsinə çevrilir. Yazıçı "Gündəlik"də belə yazır: "Mən taleyin bu xaosda yalnız iztirab və ölüm kimi iki zəruri əsas cəhətinin görürəm", yaxud "Yalnız şər işlər saf olur. Xeyir isə həmişə şər ilə qarışıq şəkildə təzahür edir. Yüksək nemətdən şər törəyir, yüksək şər isə nemət gətirmir".
Daha sonra digər bir maraqlı düşüncələrlə Vini belə yazır: "Cəhənnəm nəyə lazımdır? Həyatda mövcud olan əzablar kifayət deyilmi? Fövqəladə poetik istedada malik Vini bir sıra parlaq və güclü surətlər yaratsa da onun qəhrəmanlarında dərin ümidsizlik ruhu hakimdir. Onun qəhrəmanları tənhalığın əzablarını çəkərək iztiraba məhkumudurlar, çünki əzab-əziyyət çəkmək "fövqəladə təbiətə malik olanların" nəsibidir. Bir-birindən maraqlı fikirlər söyləyən şairın düşüncəsinə görə həyatda ən bədbəxt adam şairdir, çünki o, öz mahnılarını həm danışır, həm də oxuyur, ancaq hər kəs tərəfindən başa düşülmür. Vini yazır ki, "Eşitmək qabiliyyətindən məhrum olanlar üçün nəğmə oxumaq və savadsızlar üçün yazmaz nə qədər kədərli bir işdir". Özü də bu yazıdan belə nəticəyə gəlir ki: "Səbr et, həqiqi əzəmət ancaq susmaqdır. Susmaq mənim üçün həqiqi şeiriyyətdir". Vininin son əsəri olan "Canavarın ölümü" poeması son dərəcə maraqlı ideyalar və sujet xətti üzərində qurulub. Şair bu əsərində mühasirəyə düşmüş bir canavarın bir an da olsa şikayət etmədən, inildəmədən qürurla ölməsini tərənnüm edir. "Ölüm gələndə biz, susmağı bacaran heyvanların böyüklüyü dərəcəsinə yüksələ bilmərik" deyən şairin davamçılarından biri Alfred de Myüssedir. Myüsseye görə də insan əbəs yerə iztirablardan yaxa qurtarmağa çalışır. İztirabın insanı daim bir kölgə kimi izlədiyini "Dekabr gecəsi" əsərində söyləyib. "Polla" poemasında Myüsse bədbinlik motivlərini yüksək zirvəyə çatdırır. Ziddiyyətli şair olan Myüssenin yaradıcılığında sonradan başqa motivlər və sürətlər özünü göstərməyə başlayır. Onun ən dəyərli əsərlərindən biri "Əsrin övladının etirafı" (1836) Vinidən eləcə də başqa romantiklərdən fərqli olaraq, hadisələrin tarixi inkişafına daha obyektiv yanaşır. Əsərdə müəllif həmin dövrün gənclərinə xas inamsızlığı, ümidsizliyin və bədbinliyin səbəblərini tarixi nöqteyi-nəzərdən şərh edərək romanın ikinci fəslində bu məsələlərə daha real yanaşır. 30-cu illərin ortalarında özünü qurban vermək motivini Məhz Myüsse yaradıcılığında meydana gəlib. Müəllif biabırçı burjua əxlaqına qarşı qəti etirazını orijinal şəkildə ehtiva edir. Burjua əxlaqını səciyyələndirərək "Yaşamaq –ancaq yemək, içməkdən və yatmaqdan ibarətdir. İnsanlar arasında mövcud olan münasibətlərə gəldikdə isə, bu belədir: dostluq-borc pul almaq üçündür, məhəbbət-bədənin tələbini ödəmək üçündür. Yeganə əqli bir zövq varsa, o da şöhrətpərəstlikdir"-deyir.
XIX əsrin əvvəlindəki keçid dövrünün mürəkkəb və ziddiyyətli hadisələrinin özünəməxsus əxz etdirən fəal romantiklərdən biri də Jermena de Staldır. Əslində onu pomantizmin sələfi də hesab etmək olar. Jermena de Stal Monteskye təliminin əsas müddəasını inkişaf etdirərək, idrakın bütün həyatın əsası olması ideyasını müdafiə edirdi. Monteskye yolunu davam etdirən Jermena de Stala görə idrak müxtəlif əşyaların oxşarlığını və oxşar əşyaların fərqini açıb göstərir. İdrak tarixi qanunauyğunluqları dərk və şərh etməyə yardım göstərir. Stalın fəlsəfi və siyasi görüşləri çox ziddiyyətlidir. Xanım Jermena de Stal özünün ədəbi görüşlərini "İctimai təsisat nöqteyi-nəzərindən ədəbiyyata baxış" (1800) adlı əsərində ifadə edib. Xanım Jermena de Stal yaradıcılığında qadın hüquqlarını və onun şəxsiyyətini müdafiə edir. O, bu yolda Jorj Sandın sələfi olub. Fransa romantikləri XIX əsrin sənət aləmində mürtəce meyillərlə mübarizədə çox böyük rol oynayıblar.

İlhamə Qəsəbova
Filologiya üzrə fəlsəfə doktoru