Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır Mədəniyyət

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır

2025-ci ildə Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq materiallar hazırlanır.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda bəstəkarın həyat və fəaliyyəti haqqında geniş məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, “Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyov” adlı məqalənin tam mətni təqdim edilir. Biblioqrafik icmalda dahi bəstəkarın not, səs yazmalarının, müəllifi olduğu və haqqında yazılan məqalələrin siyahısı ilə yanaşı “Azərbaycan xalq musiqisinin əsasları”, “Üzeyir Hacıbəyli xatirələrdə”, “Fitnələr qarşısında”, “Akademik Üzeyir Hacıbəyli: yanan ürəyin aydınlığa çıxaran sənət, “Komediyalar və yumoristik miniatürlər”, “Üzeyir Hacıbəyli arxivinin təsviri”, “Arşın mal alan-100” “Üzeyir Hacıbəylinin yaradıcılığında xor musiqisi” kimi 40-a yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası da yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”“, Fotoqalereya” bölmələri, Üzeyir Hacıbəylinin kitablarının virtual sərgisi də təqdim edilir.