

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə Oman Sultanlığının Muskat şəhərində Azərbaycan-Oman dostluq konserti keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun və səfirliyin əməkdaşlarının, həmin ölkədə yaşayan soydaşlarımızın, eləcə də digər xalqların nümayəndələrinin qatıldığı tədbirdə ümumilikdə 300 qonaq iştirak edib.
Səfir R.İsmayılov Azərbaycan və Oman arasında münasibətlərin yüksələn xətlə inkişafından danışıb. Omanda Azərbaycanın yeni səfirliyinin açılmasının ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağını bildirib. Belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin 28 May - Müstəqillik Günü və konsert münasibətilə tədbir iştirakçılarına təbriki səsləndirilib.
Oman üzrə koordinator Səidə Xəlilova konsertin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılmasının ölkəmizə olan marağı artırdığını diqqətə çatdırıb.
Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın (“Royal Conservatory of Music and Art”) azərbaycanlı və digər xalqların nümayəndələrindən ibarət müəllim və şagird kollektivi məşhur klassik bəstəkarların əsərlərini səsləndirib. Görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Arif Məlikovun və Tofiq Quliyevin əsərlərini əcnəbi tələbələrin ifa etməsi rəğbətlə qarşılanıb.
Tədbir müddətində Azərbaycanın zəngin mədəni irsi, turizm potensialı, incəsənəti və tarixi abidələri haqqında göstərilən videoçarxlar qonaqların böyük marağına səbəb olub.
Sonda “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın şagirdlərinə mükafat, sertifikat və hədiyyələr təqdim edilib.