“Gənc bəstəkarların plenumu” çərçivəsində “dəyirmi masa” Mədəniyyət

“Gənc bəstəkarların plenumu” çərçivəsində “dəyirmi masa”

Azərbaycan Bəstəkarlar İttifaqında "Gənc bəstəkarların əsərlərindən ibarət plenum" çərçivəsində "dəyirmi masa" keçirilib.
İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə plenumun yekunları, onun çərçivəsində təşkil olunan tədbirlər haqqında məlumat verib. Xatırladıb ki, plenumlar hər il keçirilir və müvafiq dövr ərzində reallaşdırılan işlər barədə hesabat verməyə imkan yaradır.
Qeyd olunub ki, Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların fəaliyyətinə xüsusi diqqət ayırır və onları əlaqələndirir. Belə tədbirlər isə gənc bəstəkarlara öz yeni əsərlərini üzə çıxarmaq üçün geniş imkanlar yaradır. Firəngiz Əlizadə deyib: "Üç gün ərzində gənc azərbaycanlı bəstəkarların əsərlərinin səsləndiyi plenum çərçivəsində iki konsert təşkil olunub. Konsertlərdə kamera-instrumental, orkestr əsərləri ifa olunub. Plenumda 16 gənc bəstəkarın əsərləri səsləndirilib. Plenum yeni istedadları – müəllifləri və ifaçıları aşkar etməyə kömək edib".
Konsertləri diqqətlə izlədiyini deyən Firəngiz Əlizadə gənc bəstəkarların öz düşüncələrini musiqinin dili ilə ifası, onların əsərlərinin üslubu və janrı ilə bağlı tövsiyələrini bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibləri - Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov, bəstəkar Aliyə Məmmədova çıxış edərək plenumda səslənən əsərlər barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. Azərbaycan bəstəkarlıq məktəbi hər zaman dahi Üzeyir Hacıbəylinin tövsiyələrini rəhbər tutub. Müasir bəstəkarlar ənənəyə sadiq qalaraq forma və məzmun baxımdan yeni, maraqlı əsərlər yaratmalıdırlar. Bunun üçün onlar daha səylə çalışmalıdırlar.