“Bu, Azərbaycanın hüquqi ədalət, institusional cavabdehlik prinsipinə əsaslandığını göstərir” Gündəm

“Bu, Azərbaycanın hüquqi ədalət, institusional cavabdehlik prinsipinə əsaslandığını göstərir”

“Ermənistanın Azərbaycan xalqından üzr istəməli olduğu barədə tezislər Cənubi Qafqazda postmünaqişə dövrünün hüquqi-siyasi mənzərəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tarixi ədalətin və hüquqi qaydanın bərpası siyasətinin məntiqi tərkib hissəsidir. Siyasi-hüquqi baxımdan üzr istənilməsi tələbi beynəlxalq hüquqda "keçid ədaləti" mexanizminə əsaslanır. Beynəlxalq hüquqa əsasən, davamlı sülhün bərqərar olunması üçün münaqişəyə səbəb olmuş kütləvi hüquq pozuntularının, etnik təmizləmənin və işğal faktının qarşı tərəfdən rəsmən etiraf edilməsi həlledici şərtdir. Ermənistanın üzr istəməsi 30 il ərzində 1 milyona yaxın azərbaycanlının fundamental humanitar hüquqlarının tapdanmasının rəsmi cavabdehliyini üzərinə götürməsi deməkdir”.

Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov söyləyib ki, dövlətimizin strateji xarici siyasət kursundan aydındır ki, Bakı "revanş almaq" niyyətində deyil və indiki halda da bu tezislər Azərbaycanın qisas deyil, məhz hüquqi ədalət və institusional cavabdehlik prinsipinə əsaslandığını göstərir: “Ermənistan cəmiyyətinin keçmişlə üzləşməsi regionda nifrət nitqinin və dezinformasiyanın kökünü kəsə biləcək əsas amildir. Bu konseptual xətt isə Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderlik doktrinasının bəhrəsidir. Dövlət başçısının qətiyyəti, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini reallığa çevirərək Cənubi Qafqazda tamamilə yeni hərbi-siyasi nizam formalaşdırmaqla, Azərbaycanın sülh şərtlərini diktə etməsini və qarşı tərəfdən mənəvi-hüquqi məsuliyyət tələb etməsini təmin etdi”.

Deputatın sözlərinə görə, qalib dövlətin rəhbəri kimi Prezident İlham Əliyevin müharibədən dərhal sonra təqdim etdiyi 5 əsas prinsipə söykənən sülh gündəliyi Azərbaycanın məqsədinin əbədi düşmənçilik deyil, regional sabitlik olduğunu sübut edir: “Lakin sülh, eyni zamanda konyunktur maraqlara deyil, tarixi həqiqətlərin etirafına və gələcəkdə revanşizmin imkansızlaşdırılmasına söykənməlidir ki, Cənubi Qafqazda sabitliyin sağlam və sarsılmaz bünövrə üzərində qurulmasını təmin etsin”.

Röya İsrafilova