
Milli Məclisin deputatı Azər Allahverənov Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərin miqrasiya idarəçiliyinin təkmilləşdirilməsinə, inzibati prosedurların sadələşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini bildirib.
Bunu deputat Azər Allahverənov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər miqrasiya tənzimlənməsinin ayrı-ayrı mexanizmlərinin təkmilləşdirilməsinə, hüquqi normaların dəqiqləşdirilməsinə və inzibati prosedurların səmərəliliyinin artırılmasına yönəlib.
Onun sözlərinə görə, miqrasiya qanunvericiliyinin keyfiyyəti yalnız hüquqi normaların dolğunluğu ilə deyil, həm də həmin normaların praktikada aydın, ardıcıl və effektiv tətbiqi ilə müəyyən olunur: “Beynəlxalq əlaqələrin genişləndiyi və diplomatik təmasların intensivləşdiyi şəraitdə xarici vətəndaşların ölkədə qalma və qeydiyyat qaydalarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır”.
O, xüsusilə diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına, beynəlxalq təşkilatların nümayəndələrinə və onların ailə üzvlərinə münasibətdə müvafiq qaydaların dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
Deputat əlavə edib ki, qeydiyyat vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi ilə bağlı müddəaların qanunvericilikdə əksini tapması müvafiq prosedurların daha sistemli tənzimlənməsinə xidmət edəcək.
O, giriş-çıxış və qeydiyyat sahəsində idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə, eləcə də müvafiq məlumatların Vahid Miqrasiya Məlumat Sisteminə ötürülməsi ilə bağlı müddəaları da əhəmiyyətli hesab edib. Bildirib ki, informasiya sistemlərinin inteqrasiyası dövlət qurumları arasında məlumat mübadiləsini yaxşılaşdırmaqla yanaşı, məlumatların daha operativ emalına, kağız sənəd dövriyyəsindən asılılığın azaldılmasına, şəffaflığın və idarəetmənin səmərəliliyinin artırılmasına imkan yaradır.
Azər Allahverənov rəsmi səfərlər üçün giriş vizalarının verilməsi qaydalarının tənzimlənməsinin, həmçinin müəyyən kateqoriyalara aid xarici vətəndaşların ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müddəaların dəqiqləşdirilməsinin vacibliyini də qeyd edib.
Deputat miqrasiya sahəsində əldə olunan nəticələrə də toxunub. O bildirib ki, 2025-ci il üzrə “ASAN xidmət indeksi”nin qiymətləndirilməsinin nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti göstərib.
Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycandakı biznes mühitinə dair 2025–2026-cı illər üzrə hesabatında da miqrasiya siyasəti biznes mühitinə müsbət təsir göstərən indikatorlar sırasında qeyd olunub. Deputat Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərinin səmərəliliyinin də hesabatda qiymətləndirildiyini vurğulayıb.
Azər Allahverənov miqrasiya sahəsində uzunmüddətli fəaliyyət göstərən şəxs kimi əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təbrik edib.
Deputat qanun layihəsini dəstəklədiyini bildirərək həmkarlarını da sənədə səs verməyə çağırıb.
Günel Elxan