“Qutadqu bilik” Mədəniyyət

“Qutadqu bilik”

8-ci yazı

"Qutadqu bilik" ilk olaraq Tanrının, Məhəmməd peyğəmbər və onun 4 əshabəsinin Əbubəkr, Ömər, Osman və Əlinin, o cümlədən dövrün hakimi Buğra xanın tərifi ilə başlayır. Bunların ardınca gələn təxminən 270 beytlik müxtəlif başlıqlı parçalarda kainatın yaranması, 7 səyyarə, 12 bürc və insan haqqında məlumat verilir. Kitabda özünə yer tapan bundan sonrakı (təxminən 6000 beyt) bütün məsələlər 4 ulu və möhkəm təməl üzərində qurulur:
a) ədalət; b) səadət; c) ağıl; d) qənaət və aqibət.
Əsərdə Gündoğdu ədalətin, Aydoldu səadətin, Öydülmüş ağlın, Odqurmuş isə aqibətin rəmzidir. Əsər boyu bütün məsələlər türk adı ilə ifadə olunmuş obrazlarla əlaqəli təqdim olunur. Müəllif bu obrazların fəaliyyət çevrəsində bir tərəfdən dövlət, cəmiyyət, sosial-hüquq, məişət, digər tərəfdən isə axirət və dünya problemlərini diqqət mərkəzinə çəkir. Buna görə də əsərdə "dünyaya gələn gündən adını alıb, atını minən, mənzil-mənzil ölümə yaxınlaşan", "özü yox, adı əbədi olan" insanın "müvəqqəti dünya ilə" "əbədi aləm" xəttindəki yeri və mövqeyi tam müəyyənləşir, onun nəfsi tərksilah olunur.
Müəllif Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuşun əməl, fəaliyyət, həyata baxış və dünyagörüşlərini geniş dairədə təqdim edir. Məhz bu təqdimatda hökmdar və cəmiyyət, insan və dünya, insan və əbədi aləm problemləri önə çəkilərək ədalətli cəmiyyət idarəçiliyi barədə təsəvvür genişləndirilir. O cümlədən, bu dünya və axirətdə xoşbəxt olmağın yolları göstərilir.
Gündoğdu Elik ədalətin rəmzidir. Onun xarakteri günəşin əlamətlərinə uyğun təqdim olunur. Günəş formasını, işığını dəyişmədiyi kimi Gündoğdunun da ədalətli "nur və işığı" dəyişməzdir, günəş kainata işıq və istilik bəxş etdiyi kimi, onun da ədaləti insanlara rahatlıq və əmin-amanlıq bəxş edir, günəşin bürcü və təməli sabit olduğu kimi Gündoğdu da ədalətli hökmündə, rəftarında sabit və qərarlıdır və s. O, uzun bir ömür yaşayan hökmdardır. Sözü bütöv, gözü, könlü tox, əməli doğru insandır. Lakin əsərdə onun müsbət keyfiyyətlərinin təqdimi bununla bitmir. Gündoğdu Elik cəsur, xoşəxlaq, bilikli, ağıllı, şəxsi meyllərdən uzaq və s. xüsusiyyətləri ilə də təqdim olunur. O, əsərdə hakimiyyəti təkbaşına idarə etməyin əleyhdarı kimi çıxış edir. Buna görə də idarəçilikdə özünə yardımçı ola biləcək ağıllı bir köməkçi axtarır. Gündoğdu Elik əsl hökmdar olaraq sayıq və ehtiyatlılığı ilə seçilir. O, bir siyasi xadim kimi başa düşür ki, dövlət işində ehtiyat və sayıqlıq dövlətin ömrünü uzadar, qanunla idarə olunan cəmiyyətdə xalq xoşbəxt yaşayar. Y.Balasaqunlu Gündoğdu Elikin simasında ədalətli hökmdar obrazı yaratmaqla türk dövlət idarəçiliyi və ictimai-siyasi görüşləri barədə kompleks təsəvvür yaradıb.
Əsərdə bu cür təsəvvürlər Aydoldunun şəxsində bir qədər də konkretləşir, fikirlər qarşılıqlı mükalimədə (Hacib-Aydoldu və Gündoğdu-Aydoldu qarşılaşmasında) təqdim olunur. Doğruluğu özünə şüar edən Aydoldu qüsursuz xidməti ilə tanınır. Əsərdə onun adının mənası ayla müqayisədə açıqlanır: "Ay göydə birinci gün kiçik görünür, günlər keçdikcə böyüyür, bədirlənib dünyanı işıqlandırır, böyüyüb ən yüksək zirvəyə çatır, təkrar kiçilib yenidən böyüməyə başlayır". Məhz Aydoldu səadət və dövlətin rəmzi olduğundan bu açıqlamada səadətin, var-dövlətin əbədi olmadığına, ay kimi yerini və formasını dəyişdiyinə görə ona bel bağlamamaq, aludə olmamaq tövsiyə olunur. Aydoldu dövlətin ikinci səlahiyyətli adamı vəzir kimi cəmiyyətdə nüfuz sahibidir. Lakin müəllif onun nüfuzunun səbəbini səlahiyyəti ilə deyil, daha çox "könlünü tanrıya bağlaması", "həyatda hər şeyi sınaqdan çıxararaq qərar verməsi", "biliklə hünər əldə etməsi", "dünya malını əlavə yük bilməsi", "hər nəyin çarəsin doğruluqda axtarması" və s. ilə əlaqələndirir.
"Qutadqu bilik" əsərində Aydoldunun ictimai-siyasi, fəlsəfi, mənəvi, psixoloji görüş və digər həyati baxışları Gündoğdu və oğlu Öydül- müşlə söhbətlərində diqqəti cəlb edir. Bu söhbətlər əslində türk təfəkkürü yanaşmasında dövlət, cəmiyyət, ədalət və s. problemlərə baxışın ölçü və meyarlarını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
"Qutadqu bilik" əsərində "fəaliyyət dairəsinə" görə fərqli obrazlardan biri Öydülmüşdür. O, əsərdə ağlın rəmzi kimi çıxış edir. Atasının ölümündən sonra Gündoğdu onu yanına çağırır və söhbət zamanı Öy- dülmüşün ağlı hökmdarı heyran qoyur. Buna görə Gündoğdu ona sarayda səlahiyyət verir. Çalışdığı müddət ərzində Öydülmüş uğur qazanır, xalqı xoşbəxtliyə, dövləti isə tərəqqiyə aparır. Öydülmüşün fikirləri maddi dünya ilə əbədi aləm müstəvisində bir növ tənzimləməyə xidmət göstərir. Öydülmüş ağıl və biliyi insanın bu dünyada qazandığı ən böyük nemət hesab edir. O, hər cür xoşbəxtliyin səbəbini ağıl və bilik adlı "açarla"bağlayır. Bütün əsər boyu onun aşpazlıqdan, təbiblikdən, ovçuluqdan, tərbiyədən və s. tutmuş dövləti idarə etmək qaydalarına qədər düşüncələri əsl ağıl sahibinin görüşləri şəklində təqdim olunur. Ona görə də oxucu bu təqdimatda sosial mühit və məişətdə nəyi necə etməyin qaydalarını öyrənir, bütövlükdə həyatda yaşamaq və davranmaq mədəniyyətinin türk təfəkküründən süzülüb gələn nizamı ilə tanış olur.
"Qutadqu bilik"də əsas obrazlardan biri də Odqurmuşdur. O, aqibətin rəmzidir. Odqurmuş bütün varlığı ilə əbədi aləmin cazibəsindədir. Heç bir qüvvə onu bu cazibədən "xilas edə" bilmir. Bu səbəbdəndir ki, onun qohumu (qardaşı) Öydülmüş dəfələrlə onu sarayda çalışmağa dəvət etsə də o, bu təklifi qəbul etmir. Ona görə ki, Odqurmuş dünya nemətlərinə göz yumaraq sarayda xidmət göstərməyi yox, axirətə (aqibətə) hazırlaşmağı hər şeydən üstün tutur. Bu səbəbdən də o, zahidliyi saraya getməkdən daha şərəfli bilir. Onun əqidəsi əsərdə dönə-dönə təkrarlanan fikirlərdə təsdiqini tapır:

Bu dünyadan əl üzüb vaz keçmək lazımdır,
O biri dünyanı bu yolla əldə etmək olar.
Dönük dünyadan möhkəm yapışmaqla
Əbədi dünyanı necə əldə etmək olar?

Biz əsərdə Öydülmüşlə Odqurmuşun bir neçə dəfə görüşünün şahidi oluruq. Bir növ bu görüşlər həyat və axirət problemlərinə həsr olunduğu üçün müəyyən şərtilikdən də uzaq dayanmır. Bu səbəbdəndir ki, mənəviyyat dünyasının iki böyük simasının bir neçə dəfə üz-üzə dayanaraq fikir mübadiləsi etmələri mətləbin daha genişlikdə, bütün təfərrüatları ilə açılmasına xidmət göstərir.
Müəllif Odqurmuşun fikirlərini maddi və əbədi dünya kontekstində təqdim etməklə islami təsəvvürlər haqqında bilgiləri nümayiş etdirir. "Qutadqu bilik" əsəri Yusif Balasaqunlunun özünə nəsihətləri ilə tamamlanır. 40 beytlik bu nəsihətdə müəllif biliyin insan həyatındakı rolundan, bilikli insanlarla biliksizlərin fərqindən, sözlərinin doğruluğundan, bu dünyanın müvəqqəti olmasından, hər iki dünyada mövqe qazanmaqdan, əsərin 18 aya tamamlanmasından və s. bəhs edir.
"Qutadqu bilik" XI əsr türk ədəbi dilinin kamil nümunəsi kimi dil, üslub və fikrin bədii imkanları baxımından da diqqəti cəlb edir. Məhz bu dilin formalaşma və inkişafında Y.Balasaqunlunun müstəsna xidmətləri olub. Bu fikir əsərdə öz ifadəsini belə tapır: "Bu türkcə sözü geyik kimi gördüm, onu yavaşca tutdum, özümə yaxınlaşdırdım. Oxşadım, isitdim, tez könül verdi Ancaq yenə də ara-sıra hürkür, qorxur".
"Qutadqu bilik"də ifadə gözəlliyi baxımından diqqəti çəkən yüzlərlə nümunəyə rast gəlmək mümkündur: "Kamalın bəzəyi dil, dilin bəzəyi sözdür, insanın bəzəyi üz, üzün bəzəyi isə gözdür", "hər kəsin hərəkəti onun əslinə şahiddir, hərəkəti nədirsə, əsli də odur", "insanın özü əbədi deyil, adı əbədidir", "pis söyülər, yaxşı öyülər", "biliksiz kişi həmişə xəstə olar", "ağıl qaranlıq gecədə bir çıraqdır", "hirslə iş tutan peşman olur", "kimdə ağıl olsa, o əsilli olar" və s. Bu cür deyimlər əsərin dil və üslub baxımından zənginliyini, türk dilinin ifadə imkanlarının genişliyini təsdiqləmiş olur.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor