Azərbaycanlı gənclər beynəlxalq festivalda ölkəmizi təmsil edib Mədəniyyət

Azərbaycanlı gənclər beynəlxalq festivalda ölkəmizi təmsil edib

Qazaxıstan paytaxtı Astananın 20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalq "Burabay Yay Festivalı" keçirilib.
Festivalın əsas məqsədi iştirakçıların müxtəlif xalqların mədəniyyət və tarixi ilə tanış edilməsi, gənc istedadlara dəstək verilməsi, yaradıcılıq əlaqələrinin qurulması və beynəlxalq mədəni əməkdaşlığın inkişaf etdirilməsidir.
Festivalda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Belarus, Özbəkistan və Qırğızıstandan 300-dən çox gənc istedadlar iştirak edib.
Ölkəmizi festivalda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fortepiano), Zakir Allahverdiyev (qoboy) və Fizzə Vəlizadə (kamança) təmsil edib.
Festival günlərində əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar, birgə konsert proqramları təşkil edilib.
Ölkəmizi təmsil edən gənc istedadlar festivalda konsert proqramı ilə çıxış ediblər.
Festivalın yekunu olaraq Astana şəhərindəki 3500 yerlik "Qazaxıstan" Mərkəzi konsert zalında qala-konsert keçirilib. Gənc pianoçu Nərgiz Əliyeva qala-konsertdə müxtəlif ölkələrin nümayəndələrinin birləşmiş ansambllarının tərkibində çıxış edib.
Sonda Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkəmizin nümayəndələrinə təşəkkür məktubu, diplomlar və xatirə hədiyyələri təqdim edilib.