Səssiz kinonun qəhrəmanları Mədəniyyət

Səssiz kinonun qəhrəmanları

10 May

Səssiz kinonun qəhrəmanları

Birinci Dünya müharibəsinin son illərində Avropada qeyri-adi istedada malik rejissorlar meydana çıxmışdı. İsveçrəli rejissorlar Viktor Xöström “Sürgün olunmuşlar”, Mauritz Stiller isə “Arnenin xəzinəsi” filmləri ilə məşhurlaşdılar. Almaniyada Ernst Lubitç “Ana Bolena” tarixi filmi ilə, Fritz Lan isə hamını heyrətləndirən “Metropolis” ekran əsəri İlə öz uğurlarını qeyd edirdilər. Bununla yanaşı britaniyalı Alfred Hiçkokun “Qisasçı”, fransalı Jak Feydeğin “Atlantida” ekran əsərləri tamaşaçı alqışları ilə qarşılanmışdı. Avropa kinosunun gələcəyi artıq belə istedadlı rejissorlarla qurulurdu. Bu müvəffəqiyyətlərə baxmayaraq, çoxları Avropadan yığışıb “Hollywood”a köçməyə hazırlaşırdı.

Qısa bir zamanda “Hollywood” arzuları gercəkləşdirən bir məkana çevrildi. Kino sahəsində məşhur olmaq istəyənlər mütləq bu məkanı ziyarət etməliydi. Tək rejissorlar deyil, eyni zamanda, prodüserlər, ssenaristlər, aktyorlar da Amerika macərasını yaşamaq istəyirdilər. Hamı eyni məqsədlə ora səyahət edir, “qaynayan professionallar qazanı”nda bişməyə can atırdı. 1920-ci illərdə kinostudiyalarda 15 min işçi qüvvəsi çalışır, ildə də 800 qısametrajlı və tammetrajlı filmlər çəkilirdi.

“Hollywood”da böyük nüfuza malik rejissorlar vardı. Onlardan biri “Dözümsüzlük” və “Yetimlər” filmlərini çəkmək şansı qazanan David W.Griffiz olub. Con Ford isə “Dəmir at” şedevri ilə vestern janrında çəkilən filmlərin ustası adını almışdı. Ancaq studiya sahibləri müşahidə edirdilər ki, fanatlar özlərini rejissorlara deyil, məhz aktyorlara oxşatmağa çalışırdılar. Onlar aktyorları yamsılayır, hətta aktyorlara vurulur və böyük maraqla onların həyatlarını izləyirdilər. Tamaşaçıları zala gətirən də məhz aktyorlar idi. O zamandan aktyorlar ulduzlara çevrildiyindən rejissorlar artıq populyarlıqlarını itirirdilər.

Səssiz kinonun “Hollywood” ulduzlarından biri Duqlas Fairbanks olub. Duqlas həyatsevər, yaxşı xarici görkəmə malik əsl amerikalı idi. O, özündə özünəməxsus bir obraz yaratmışdır. Hətta həyatda uğur qazanmağın yolları haqqında kitablar da yazmağa başlamışdı. D.Fairbanks bir sıra komediya və vestern janrlarında çəkildiyi filmlərindən sonra böyük şöhrət qazanır. Onun macəra filmləri sırasında “Meşələrin şahı Robin”, “Bağdad oğrusu” və “Zənci pirat” filmlərini göstərmək olar. O, amerikalıların sevimli qəhrəmanına, nümunə götürüləcək bir insana çevrilir. Sonda D.Fairbanks “Amerikalı gəlin” adını qazanan Meri Pikfordla evlənəcəyini elan edir. Meri uşaqlıqda çox çətinliklər görmüşdü. O, ilk dəfə ekranlarda 1909-cu ildə görünmüşdür. Onun uşaq görünüşlü simasının arxasında bir biznes ledisi gizlənirdi. Meri Pikford “Balaca qəhrəman”, “Balaca Anita” kimi filmlərdə çəkilmişdi. Həftəyə 10 min dollar qazanan Meri dünyada ən çox pul qazanan aktrisa idi…

Əslən Londondan olan Çarli Çaplinə “Keystone” şirkəti tərəfindən kontraktı imzalamaq təklif olunandan sonra o, 1910-cu ildə Amerikaya köçmüşdür. Ç.Çaplin qısa bir zamanda əsl kino bilicisinə çevrilir. Yazmağı, rejissorluq etməyi, rolları canlandırmağı, hətta çəkildiyi filmlərə musiqi bəstələməyi də bacarırdı. Ç.Çaplin qısametrajlı filmlərlə yanaşı, “Oğlan”, “Şəhərin işıqları” kimi tammetrajlı filmlərə də çəkilir. O, özünəməxsus jestləri ilə çox məzəli görünürdü. Çaplin dünya şöhrətini qazanan aktyor idi. Artıq ulduz olan aktyor həftəyə 10 min dollardan çox pul qazanırdı. Bütün rollarında mükəmməl olan Ç.Çaplin “Şəhərin işıqları”nda bir səhnəni 342 dəfə eyni mükəmməlliklə oynamışdı.

“Hollywood” sənayesi filmlərdəki çox hadisələri şişirdirdi. Hər şey təmtəraqlı və kütləvi olmalı idi. Tamaşaçının gördükləri ilə kifayətlənmirdilər. Onlar aktyorların şəxsi bioqrafiyasını kinoya həsr olunan jurnallarda çap edirdilər. Misal üçün, tamaşaçılar deyirdilər ki, Qloriya Svanson çəkildiyi filmdə gəlinlik paltarını 100 min dollara almışdır. Yaxud da Ben Turpin gözlərini sığorta etdirmişdir. Ulduzların reytinqini qaldırmaq üçün hətta yalan da danışırdılar. “Fox film corporation” sadə bir ailənin qızı olan Teodosia Qudmanı səssiz kinonun ulduzuna çevirmək üçün öz himayəsinə götürmüşdü. Hətta qızın adını dəyişib Teda Bara qoymuşdular. Onun xarici görünüşünü tamamilə dəyişib, ilk dəfə “Dövlət sirri” və “Kleopatra və ya Salome” filmlərində üzə çıxarırlar. Onun haqqında mətbuatda gedən yazılarda deyirdilər ki, o, məşhur bir italyan heykəltəraşının və ərəb şahzadəsinin qızıdır. Əslində isə onun atası sadə bir dərzi, anası isə evdar qadın idi.

O dövrdə kino sənayesi populyarlıq qazanmış bir sahə idi. Balacadan böyüyə kimi, hamı bu sənətə vurulmuşdu. O zaman səssiz kino hələ özünün uşaqlıq illərini yaşayırdı. İllər ötdü, bu uşaq böyüdü və danışmağa başladı...