“Baxış” festivalı çərçivəsində yeddi tamaşa nümayiş ediləcək Mədəniyyət

“Baxış” festivalı çərçivəsində yeddi tamaşa nümayiş ediləcək

Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış” festivalına start verilib.
Festival çərçivəsində ittifaqın nəzdindəki “Gənc rejissorların yaradıcılıq laboratoriyası” yetirmələrinin quruluş verdiyi yeddi tamaşa oynanılacaq.
Dörd gün ərzində gənc rejissorların hazırladığı - “Yad qadının məktubları” (monotamaşa, quruluşçu rejissor: Anar Məmmədov), “Biganə gözəl” (rejissor: Aydan Kalman), “Mən öləndə ağlama” (monotamaşa, rejissor: Ayla Osmanova), “Teatral komediya” (rejissor: Müşfiq Əliyev), “Biz heç vaxt mübahisə etmirik” (rejissor: Vahid Orucoğlu), “Ürəyə düş” (rejissor: Səbinə Məmmədova) və “Zoopark əhvalatı” (rejissor: İmran Əli Qurban) tamaşaları təqdim ediləcək.
Rejissorlar gənc olsalar da, tamaşalarda iştirak edən aktyorlar arasında kifayət qədər təcrübəli sənətçilər az deyil. Tamaşalar Teatr Xadimləri İttifaqının həm böyük, həm də Mustafa Mərdanov səhnəsində oynanılacaq.
Festivala oktyabrın 18-də yekun vurulacaq.
Tamaşaların bədii rəhbəri “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın rəhbəri, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.