İncəsənət Muzeyini təmir edən italiyalı işçilərə 12 milyon manat xərclənib - Məhkəmə Mədəniyyət

İncəsənət Muzeyini təmir edən italiyalı işçilərə 12 milyon manat xərclənib - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən "Azər Aqrar Tikinti" şirkətinin nümayəndəsi Nüsrət Ömərov bildirib ki, təmsil etdiyi şirkət Bakı İncəsənət Muzeyində aparılan təmir işləri ilə bağlı elan olunan tenderdə qalib gəlib və təmir-bərpa işləri üçün 31 milyon vəsait ayrılıb:

"Təmir işləri üçün italyalı şirkəti dəvət etmişdik. 12 milyon manat onların onların əmək haqlarına və burada yaşamalarına sərf olunub. Həmin muzeydə mühim işlər görülüb. Xarici şirkət nümayəndələri burada qalmaq üçün özəl şərait tələb edirdi ki, buna da vəsait lazım idi".

Hakim 31 milyon manatın qarşılığında nəyə görə onların şirkətinin qalib olduğunu soruşub. Bildirib ki, həmin məbləğə daha reytinqli və bu işdə mütəxəss kimi tanınan şirkətləri təmir-bərpa işlərinə cəlb etmək olardı.

Şahid bildirib ki, təmsil etdiyi şirkət İncəsənət Muzeyindən əvvəl digər dövlət əhəmiyyətli binaların da təmirini həyata keçirib, həmçinin bəzi işlərə nəğd pul lazım olduğundan ayrılan vəsaitin bir qismi nəğdləşdirilib.

Proses sentyabrın 16-da davam etdiriləcək.