Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin tərcüməsinin təqdimatı keçirilib Mədəniyyət

Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin tərcüməsinin təqdimatı keçirilib

İran stendində Azərbaycan Respublikasının Baş Nazrinin müavini, Mədəniyyət və Təhsil nazirlərinin iştirakı ilə Azərbaycanın dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin tərcüməsinin təqdimatı keçirilib.

Bu gün Bakıda Beynəlxalq kitab sərgisi 100 daxili və 12 xarici ölkədən olan naşirlərin iştirakı ilə Bakı Expo Mərkəzində açılıb. Sərgidə İran Mədəniyyət Mərkəzi 36 metrlik stenddə dahi Nizami Gəncəvinin əsərləri, İranşünaslıq, müqəddəs müdfiə, ədəbiyyat və uşaq ədəbiyyatı nümayiş olunub.

Gözəl tərtibatlı iranşünaslıq kitabları, iranlı şairlərin şeirləri bu il İran stendini bəzəyib. Azərbaycan Respublikasında bu il Nizami Gəncəvi ili olması ilə əlaqədar İran stendində Nizami Gəncəvi guşəsi yaradılıb və burada şairə aid 100 dən çox kitab sərgilənib.

İran stendinin girişi Nizami Gəncəvinin portreti ilə bəzədilib digər tərəfdə isə İranın məşhur azərbaycanlı şairi Məhəmməd Hüseyn Şəhriyarın tablosu vurulub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi Nizami Gəncəvi ilində fars dilində yazıb yaradan görkəmli ədəbiyyat, ədəb və irfan şairinə hörmət olaraq mərhum Mir Cəlal Zəkinin tərcümə etdiyi Yeddi Gözəl əsərini çap edib. Bir çox ali mərtəbəli qonaqlar, səfirlər, diplomat və alimlər sərginin açılışında iştirak ediblər.

Sərginin proqramlarından ən mühümü Nizami Gəncəvinin Yeddi Gözəl əsərinin təqdimatı olub. Təqdimat mərasimində İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi, Azərbaycan Respublikasının Baş Nazirin müavini cənab Əli Əhmədov, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Yazıçılar İttifaqının sədri Anar, Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm nazirinin müavini cənab Əhməd Misbah İran stendində olublar.

İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan İranda Nizami Gəncəvi barəsində görülən elmi və ədəbi işlər barədə geniş məlumat verib. Həmçinin Şah Təhmasib dövrünə aid Xəmsə nüsxəsinin surəti (İran Mədəniyyət Mərkəzi tərəfindən İran İncəsənət Akademiyasından əldə edilib) İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimova təqdim edilib. Bu nüsxə, onun xəttatlığı, miniatürləri, qızıl ilə işləmələri barədə İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan məlumat verib.

Cavid