Əliyevlə bağlı nadir kadrlar ilk dəfə yayımlandı - Video Gündəm

Əliyevlə bağlı nadir kadrlar ilk dəfə yayımlandı - Video

AzTV Ümummilli lider Heydər Əliyevlə bağlı nadir kadrlar nümayiş etdirib.

Xalqcebhesi.az xəbər verir ki, ilk dəfədir göstərilən görüntülər Ulu öndərin Vyetnama səfəri zamanı lentə alınıb.

AzTV sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının mayın 11-də efirə gedən buraxılışında qeyd olunub ki, həftənin mühüm hadisələrindən biri Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu.

Bildirilib ki, Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin tarixi 60 ildən artıq bir müddətə söykənir:

"Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının prezidenti Ho Şi Min Azərbaycan Sovet Respublikasına səfər edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz, bu iki mühüm hadisə ölkələrimiz arasında əməkdaşlığın inkişafının əsas təməli sayılır. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya, Vyetnam prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Bakıya rəsmi səfərləri isə qarşılıqlı münasibətlərdə yeni səhifə açdı. Hazırda Azərbaycan və Vyetnam bir sıra istiqamətlərdə - siyasi, iqtisadi, ticari, elmi-texniki və nəqliyyat sahələrində fəal əməkdaşlıq edir. Təbii, liderlərin indiki görüşü qarşıdakı dövr üçün Azərbaycan-Vyetnam gündəliyinin formalaşmasında əhəmiyyətli rol oynayacaq".

Qeyd olunub ki, hazırda Bakı və Hanoy energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Bundan başqa,Azərbaycan və Vyetnam humanitar, o cümlədən təhsil və mədəni sahələrdə də yaxın təmaslara və birgə layihələrə sahibdir. Tərəflər öncə məhdud, daha sonra geniş tərkibdə baş tutan görüşlər zamanı bir daha vurğuladılar ki, ölkələrimiz arasında siyasi dialoq konstruktiv səciyyə daşıyır və mövcud dostluq əlaqələrinin dərinləşdirilməsinə istiqamətlənir. İki ölkə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, AQEM və BMT çərçivəsində də səmərəli əməkdaşlığa nail olublar".

Verilişdə bildirilib ki, Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var:

"1983-cü ildə ümummilli liderin başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfərdə olur. Səfər zamanı ümummilli lider Vyetnam və sovet, o cümlədən Azərbaycanın neft mütəxəssisləri ilə görüşmək məqsədilə bu ölkənin neft sənayesinin mərkəzi olan Vunq Tau şəhərinə də baş çəkir.

Məhz Ulu Öndərin səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislər və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl - 1986-cı ilin iyununda hasil edilir. Bu hadisə əzablı Fransa işğalından, Birləşmiş Ştatlarla qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam üçün regionda gedən geosiyasi proseslər fonunda çox böyük dəstək idi. Bir sözlə, Ulu Öndərin səfəri Vyetnam dövləti və xalqının müstəqillik və suverenliyin qorunmasının gücləndirilməsi yolunda tarixi bir addım oldu".

Ulu öndər Heydər Əliyevin 42 il əvvəl Vyetnama səfəri ilə bağlı kadrları təqdim edirik.