“Bu yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir” Gündəm

“Bu yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir”

“Son illər dünyada qlobal siyasi və sosial proseslərin fonunda dinlərarası dialoqun təşviqi və dini ayrı-seçkiliklə mübarizə məsələləri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu baxımdan Bakıda keçirilən “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans yalnız regional deyil, həm də qlobal səviyyədə əhəmiyyət kəsb edən tədbirlərdən biri kimi çıxış etdi. Konfransın məqsədi islamofobiyanın ideoloji və sosial köklərini ifşa etmək, onun nəticələrini geniş ictimaiyyətə çatdırmaq və bu təhlükəli tendensiyaya qarşı beynəlxalq həmrəylik formalaşdırmaqdır. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, siyasətçilər, hüquq müdafiəçiləri və dini liderlər iştirak edərək islamofobiyanın təzahür formaları, səbəbləri və bu problemin aradan qaldırılması yolları ilə bağlı dərin müzakirələr apardılar. Ümumiyyətlə, islamofobiyanı müasir dünyanın sakit təhlükəsi kimi də adlandırmaq olar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

O diqqətə çatdırıb ki, konfrans iştirakçılarının da vurğuladığı kimi, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qlobal miqyasda sosial gərginliyi dərinləşdirən və millətlərarası münasibətləri pozan bir təhlükədir: “Bu fenomen çox zaman terrorizm və təhlükəsizlik narahatlıqları kontekstində haqsız olaraq müsəlmanlara yönəldilən ittihamlar və şübhələr fonunda təşviq olunur. Halbuki, konfrans iştirakçılarının çıxışları sübut etdi ki, bu cür stereotiplər təkcə müsəlmanlara qarşı deyil, ümumilikdə cəmiyyətlərin birgəyaşayış prinsipinə qarşı yönəlmiş bir təhdiddir. Konfransın Bakıda keçirilməsi də təsadüfi deyildi. Azərbaycan tolerantlıq və multikulturalizm ənənələri ilə tanınan bir ölkə kimi, müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgə yaşadığı nadir nümunələrdən biridir. Bu baxımdan, Azərbaycan beynəlxalq ictimaiyyətə sülh və birgəyaşayış mesajı vermək baxımından mühüm rol oynayır. Konfrans zamanı Azərbaycanın bu sahədə atdığı addımlar – dini azlıqlara yaradılan şərait, dövlət-din münasibətlərində tolerant və balanslı siyasət, beynəlxalq səviyyəli tədbirlərin təşkili – bir daha nümayiş etdirdi ki, ölkə bu sahədə söz sahibi olmaqla yanaşı, həm də nümunəvi mövqe tutur”.

E.Telmanoğlu əlavə edib ki, konfrans təkcə problemə diqqət çəkməklə kifayətlənmədi, həm də praktiki həll yolları və tövsiyələr təqdim etdi: “Konfrans iştirakçıları təhsil sistemində tolerantlığın təşviqi, medianın məsuliyyətli davranışı, hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması kimi vacib məsələlərə toxundular. Bu konfrans göstərdi ki, islamofobiya ilə mübarizə yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir. Qərəzin ifşası və stiqmaların dağıdılması üçün atılan hər bir addım, daha ədalətli və humanist dünya nizamına aparan yolun bir hissəsidir. Ən əsası da budur ki, bu yol siyasi stabilliklə idarə olunan Azərbaycandan keçir”.

Röya İsrafilova