Anar İsgəndərov: "Ehtiyacı olan hər bir tələbəyə təhsil krediti verilməlidir" Gündəm

Anar İsgəndərov: "Ehtiyacı olan hər bir tələbəyə təhsil krediti verilməlidir"

“Ödənişi ödəyə bilməyən hər bir tələbəyə təhsil krediti verilməlidir”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri 2027-ci ilin dövlət büdcəsində elm və təhsil sahəsinə ayrılan vəsaitlərin artımını müsbət dəyərləndirərək konkret rəqəmləri diqqətə çatdırıb.
O bildirib ki, gələn il təhsil xərclərinə 5 milyard 99 milyon manat (büdcə xərclərinin 12 faizi), elmin maliyyələşdirilməsinə isə 257,9 milyon manat vəsait ayrılıb. Həmçinin Qarabağ Universitetinin fəaliyyəti üçün 51 milyon manat, “Türkiyə-Azərbaycan birgə Universiteti” üçün 6 milyon manat, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sistemi üçün isə 286,4 milyon manat nəzərdə tutulub.

A.İsgəndərov əldə olunan uğurlarla yanaşı, hökumət üzvlərinin diqqətinə bir sıra vacib tövsiyə və problemləri də çatdırıb.
O, hər il dağlıq rayonlarda şagirdlərin sayının azalmasının müşahidə olunduğunu deyərək, bu məsələ ilə bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac olduğunu vurğulayıb.
Gələn ilin büdcəsində təhsil tələbə kreditləri üçün 35 milyon manat nəzərdə tutulduğunu qeyd edən komitə sədri Təhsil Tələbə Krediti Fondunun ehtiyacı olan hər bir tələbəyə kredit verməsi üçün müəyyən dəyişikliklər etməsinin vacibliyini bildirib: “Sadə həqiqət bundan ibarətdir: ödənişi ödəyə bilməyən tələbəyə kredit verilməlidir. Çünki müraciət edənlərin əksəriyyəti ehtiyacı olanlardır”.

Gənc mütəxəssislərin kənd rayonlarına işə cəlb olunması üçün 20,9 milyon manat vəsait ayrıldığını xatırladan A.İsgəndərov pedaqoji təhsilli gənclərin kəndlərə getməsi üçün təkcə təbliğatın kifayət etmədiyini, diqqəti cəlb edən güzəştlərə ehtiyac olduğunu və bu prosesə mane olan səbəblərin aradan qaldırılmalı olduğunu deyib.

Komitə sədri həmçinin müəllimlərin sertifikasiyası prosesində şəffaflığın daha da artırılmasını, eləcə də məktəb və uşaq bağçalarının tikintisi və təmiri istiqamətində büdcə vəsaitlərinin artırılmasını təklif edib.
A.İsgəndərov çıxışının sonunda rəhbərlik etdiyi komitənin 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini və sənədin lehinə səs verəcəyini bəyan edib.

Günel Elxan