Bərdə sakinlərinin problemləri parlamentdə səslənib Gündəm

Bərdə sakinlərinin problemləri parlamentdə səslənib

“200 minə yaxın əhalisi olan rayonda müasir xəstəxananın inşasına ehtiyac var”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat çıxışında 2027-ci ilin dövlət büdcəsinin ölkənin strateji inkişaf kursuna uyğun olduğunu və Hesablama Palatasının maliyyə şəffaflığı istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

F.Yıldırım çıxışının əsas hissəsini təmsil etdiyi Bərdə rayonunun sosial və infrastruktur problemlərinə həsr edib.
Millət vəkili rayonun əhalisinin sayının 200 minə yaxın olduğunu və ətraf rayonlardan müraciətlərin intensivliyini nəzərə alaraq, Bərdədə müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni xəstəxananın tikintisinə ehtiyac olduğunu deyib. O, vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaması üçün bu məsələnin müvafiq dövlət proqramlarında əksini tapmasını xahiş edib.
F.Yıldırım Bərdə rayonunda ictimai nəqliyyat xidmətinin vəziyyətinə də toxunaraq, sərnişindaşımada istifadə olunan marşrut avtobuslarının bir qisminin köhnəldiyini və müasir tələblərə cavab vermədiyini diqqətə çatdırıb.
Deputat regionlarda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara uyğun avtobusların istifadəyə verilməsi istiqamətində konkret tədbirlərin görülməsini vacib sayıb.

Bundan başqa, millət vəkili Bərdə şəhərinin bir sıra küçə və ara yollarının, eləcə də Türkmən, Həsənqaya, Qayalı, Çəmənli, Birinci Qazaxlar, Şorəlli, Hacıəhmədli və Cumalar kəndlərinin yollarının əsaslı təmirinə ehtiyac olduğunu bildirərək, bu məsələlərin mərhələli şəkildə dövlət investisiya proqramına daxil edilməsini xahiş edib.

F.Yıldırım çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini və sənədin lehinə səs verəcəyini bildirib.

Günel Elxan