12:26
161
“Yun və gön-dəri məhsulları tullantıya çevrilib, Bakı-Gəncə magistralının kənarındakı ağaclar quruyur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb edilməsi fermerlərin işini çətinləşdirə bilər. Gübrə, yanacaq, texnika və suvarma xərclərinin çox olduğunu, eləcə də məhsulun vaxtında satıla bilmədiyini vurğulayan T.Rzayev vergidən azadolma müddətinin daha bir neçə il uzadılmasını xahiş edib.
Deputat qeyd edib ki, bu gün iqtisadiyyata fayda verə bilən yun və gön-dəri məhsulları tullantıya çevrilib, fermerlər becərdikləri meyvə-tərəvəz məhsullarını vaxtında sata bilmirlər.
O, bu məhsulların tədarükü, emalı və saxlanılmasının dövlət tərəfindən təmin ediləcəyi təqdirdə büdcəyə xeyli gəlir gələcəyini diqqətə çatdırıb.
T.Rzayev büdcəyə qənaət məqsədilə kommunal və yaşıllaşdırma sahələrində aparılan ixtisarların, verilən yanacağın miqdarının azaldılmasının mənfi nəticələr verdiyini də bildirib: “Nəticədə tullantıların götürülməsi, yaşıllıqların qorunması və suvarılması xeyli çətinləşib. Min zəhmət bahasına əkilən yaşıllıqlar sıradan çıxır, ağaclar quruyur. Bakı-Gəncə magistral yolunun kənarındakı quruyan ağaclara nəzər salmaq kifayətdir”.
Komitə sədri çıxışında orta məktəb dərsliklərinin tərtibatı və nəşrini də tənqid edib.
O vurğulayıb ki, xarici müəlliflərin əsərlərini öz adına çıxan, milli-mənəvi dəyərlərə zidd yazıları dərsliklərə salaraq qazanc əldə edənlər təkcə dövlət vəsaitini deyil, həm də uşaqların mənəviyyatını və dünyagörüşünü mənimsəyirlər.
T.Rzayev çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi zərfinin lehinə səs verəcəyini bildirib.
Günel Elxan