“Rusiya Azərbaycanı özündən asılı vəziyyətdə saxlamağa can atır” Gündəm

“Rusiya Azərbaycanı özündən asılı vəziyyətdə saxlamağa can atır”

“Rusiyanın Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİKS-ə üzv olmağa imkan verməməsinin əsas bir neçə səbəbi var. Onlar arasında ilk sırada Azərbaycan və Rusiya arasındakı hazırda gərgin olan münasibətlərdir. Bu da ondan ibarətdir ki, Kreml Azərbaycana mesaj verir ki, Rusiyanın siyasi iradəsi olmasa Azərbaycan bu iki təşkilata üzv ola bilməz. Yəni Rusiya ŞƏT və BRİKS-ə üzv məsələsini Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq qeyd edib ki, digər önəmli səbəblərdən biri də ondan ibarətdir ki, Rusiya Azərbaycanın belə təşkilatlara üzv olmasında maraqlı deyil: “Bu da geopolitik maraqlarla ifadə olunur. Belə ki, Kreml Azərbaycanın məhz Rusiyanın patronajlığı altında olan qurumlara üzv olmasını istəyir. Məsələn, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təşkilatlara üzv olması Rusiyanın maraqlarına daha çox cavab verir. Çünki bu iki təşkilatda Rusiya hegemon mövqedədir, Rusiyanın patronajlığı ön plandadır. Yəni Rusiya Azərbaycanı hansısa formada özündən asılı vəziyyətdə saxlamağa can atır. Bu baxımdan Rusiya Azərbaycanın həm ŞƏT-ə, həm də BRİKS-ə üzv olmasını istəmir. Çünki həm ŞƏT, həm də BRİKS Rusiyanın patronajlığından kənardadır. ŞƏT-də də, BRİKS-də də Rusiyanın deyil, Çin kimi dövlətlərin siyasi iradəsi daha ön plandadır. Ona görə də Rusiya Azərbaycanın kənarda qalmasına daha çox üstünlük verir”.

Röya İsrafilova