

“İsrailin siyasi cəhətdən bloklanması gedir. Netanyahu ona görə də Trampla görüşə can atır ki, Tramp onu dəstəkləsin. Tramp, ümumiyyətlə, ABŞ İsraili dəstəkləyir. Həm də Trampın Qəzzanın boşaldılması ilə bağlı ideyası vardı. Yəni onlar yerli əhalini oradan başqa ölkələrə köçürmək və o bölgəni turistik məkana çevirmək istəyirdilər. Netanyahu artıq bu prosesə başlayıb və Qəzzada yerüstü əməliyyatlar keçirilir, Qəzza əhalisi məcburi sürətdə köçürülür, deportasiya olunur”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elşad Həsənov deyib.
E.Həsənovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Tramp da Netanyahunun bu siyasətini dəstəkləyir: “Çünki Trampın kürəkəni Kuşner orada böyük şəhər salmaq fikrindədir. Netanyahu Trampla görüşündə məhz bu məsələləri müzakirə edəcək. Qəzzanın hansı sahəsi Trampın kürəkəninə, hansı sahəsi İsrailə verilsin, bütün bunlar müzakirə olunacaq. Hesab edirəm ki, Tramp həm də Netanyahuya anladacaq ki, odla çox oynamasın, yəni Şərqdə müəyyən məsələlərdə qıcıq yaratmasın, eləcə də Suriyada. Artıq Suriya ilə danışıqlar gedir. Azərbaycanda Suriya İsrail nümayəndələri görüşüb. Hesab edirəm ki, İsraildə bəzi siyasi dairələr məhz Suriyada da Türkiyəyə qarşı mübarizə aparmaq istəyirlər. Hətta bəziləri bildirirlər ki, Dohadan sonra onların növbəti hədəfləri Türkiyədir”.
Politoloq bildirib ki, belə olan təqdirdə bütün islam aləmi birləşib Türkiyənin yanında olacaqlar və İsraili yer üzündən siləcəklər: “Suriyada Əsəd rejimi devriləndə və İsrail ora hücum edəndə Tramp Netanyahuya bildirmişdi ki, “Ərdoğan mənim dostumdur, o, yaxşı insandır, mən ona deyərəm sən onunla danış”. Yəni Suriyadakı məsələləri Türkiyə ilə danış, razılaş. Ancaq görünən odur ki, Netanyahu burada da özbaşınalıq edir, bir çox yerləri tutdu, bombardman etdi. Hətta Dəməşqi vurdu. İndi isə danışıqlar gedir. İndi elə bilirəm ki, Tramp ona təzyiq edib və başa salıb ki, Suriyaya çox girişməsin və Türkiyə ilə qarşıdurma olmasın. Hesab edirəm ki, Netanyahu Tramp görüşündə bütün bu məsələlər müzakirə olunacaq və Netanyahunun Türkiyəyə hücumunun qarşısı alınacaq”.
Röya İsrafilova