İran nüvə silahından əl çəkir Gündəm

İran nüvə silahından əl çəkir

ABŞ və “Avropa üçlü”yü isə İrandan əl çəkmir

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, Tehranın nüvə silahına ehtiyacı yoxdur və ondan istifadə etməyə də ehtiyac görmür. Xameneinin sözlərinə görə, Tehran uranı zənginləşdirmək hüququ ilə bağlı xarici təzyiqlərə boyun əyməyəcək.

“Bizim belə silahlara ehtiyacımız yoxdur, biz onlardan imtina etmək qərarına gəldik. ABŞ hökuməti ilə danışıqlar heç bir şəkildə İranın milli maraqlarını irəli sürməyəcək, bizə heç bir fayda verməyəcək və bizi heç bir zərərdən qoruya bilməyəcək. Hazırkı şəraitdə ABŞ-la danışıqlar İrana düzəlməz ziyan vuracaq", - deyə İranin ali dini lideri vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian da deyib ki, İran nüvə silahı əldə etmək niyyətində deyil.

“İran liderin fitvasına əsaslanaraq nüvə silahı istehsalını haram sayır. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində yoxlanmasına hazırıq. Diplomatiyaya üstünlük veririk. Ancaq “snapback” (avtomatik sanksiya mexanizmi) yenidən qüvvəyə minərsə, danışıqların mənası qalmaz”, - deyə Pezeşkian bildirib.

Bu yandan ABŞ Dövlət Departamenti rəsmi nüayəndəsinin müavini Minon Hyuston "Al Jazeera"ya müsahibəsində bildirib ki, ABŞ İranla danışıqlara hazırdır.

O deyib ki, ABŞ İranı danışıqlara qoşulmağa dəfələrlə çağırıb: "Bu baxımdan bir çox imkanlar mövcuddur".

Minon Hyustonun sözlərinə görə, rəsmi Vaşinqton Tehranın beynəlxalq müfəttişləri qəbul etməyə hazır olmasını istəyir.

Dövlət Departamentinin rəsmisi Avropa "üçlüyü"nün ( Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaya qayıdışı (snapback) işə salma mexanizmini aktivləşdirmək üçün atdığı addımlara işarə edərək vurğulayıb: "Bu sanksiyalara baxmayaraq, biz hələ də danışıqlara hazırıq".

ABŞ-nin Qərbi Asiya üzrə nümayəndəsi Stiv Vittaker isə ondan bir neçə saat əvvəl müsahibəsində bildirib:

"Biz iranlılarla danışıqlar aparmağa hazırıq, niyə də olmasın?!"

Mütəxəssis İranın çətin vəziyyətdə olduğunu bildirərək qeyd edib ki, Tehanla danışıqlar daha çox uranın zənginləşdirməsinin yoxlanılması və nüvə silahının olmamasının yoxlanılmasına yönələcək.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İranın ABŞ ilə birbaşa, yaxud dolayı ismarış mübadiləsi aparmasına baxmayaraq, danışıqlar faydasızdır.

Onun sözlərinə görə, "Avropa üçlüyü" (Böyük Brtaniya, Fransa, Almaniya), BMT Baş katibi və AEBA-nın Baş direktoru ilə intensiv danışıqlara baxmayaraq, ABŞ-nin yüksək tələbləri və avropalıların sövdələşməsi səbəbindən kompromis əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların yenidən tətbiqinə dair qətnamə qəbul olunub. ABŞ daxil olmaqla altı ölkə sənədin lehinə, Çin, Rusiya və Pakistan isə əleyhinə səs verib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli telekanallardan birinə müsahibəsində söyləyib ki, İran AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə Misirin paytaxtı Qahirədə əldə etdiyi razılaşmanı BMT sanksiyaları qüvvəyə minəndən sonra etibarsız sayacaq.

BMT Təhlükəsizlk Şurasının qəbul etdiyi qətnamə isə sentyabrın 27-dən sonra qüvvəyə minib. Bu hadisənin baş verməməsi üçün İslam Respublikası Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya, Fransa) irəli sürdüyü üç şərti (ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirdiyi uranın saxlanıldığı yer barədə məlumat vermək) qəbul etməlidir.

Politoloq Elşən Manafov deyib ki, rəsmi Tehran onu nüvə silahına yiyələnmək istəyində günahlandıran Qərbdəki bəlli dairələrə bir qayda olaraq nüvə enerjisindən dinc məqsədlərlə istifadə haqqının olduğunu dəfələrlə bəyan edib və buna suveren dövlət olaraq haqqı çatdığını bildirib. Qərb İranın zəngin enerji resurslarına (neft və qaz) malik olduğuna istinad edərək onun nüvə çalışmalarl ilə bağlı tədqiqatlarının arxasında nüvə silahına yiyələnmək istəyinin olduğunu bəyan edərək, İranı bu yoldan çəkindirməyə çalışıb.

Onun sözlərinə görə, ona etibar etmədiyindən nüvə çalışmalarının MAQATE ilə əməkdaşlıq çərçivəsində aparılmasında iddialı olub. İran mahiyyət etibarı ilə MAQATE ilə əməkdaşlığa həmişə açıq olub və bu mövqeyinin müqabilində Qərbdən ona qarşı tətbiq edilən sanksiyaların yumşadılmasını, sonda isə ümumiyyətlə ləğvini tələb edib: "İran özünün nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun olduğunu Qərb dövlətlərinin nəzərinə çatdırmaqla, onları İranın enerji təhlükəsizliyi ilə bağlı qayğılarına sayqı ilə yanaşmağa dəvət edib. Zira, məlum ehtiyatlar əbədi deyil, İranda əhalinin Qərb dövlətləri ilə müqayisədə sürətlə artdığını nəzərə aldıqda isə İranın nüvə enerjisinə sahib olmaqla bağlı istəkləri əlbəttə anlaşılandır. Fransa özünün enerjiyə olan tələbatının əhəmiyyətli hissəsinin atom stansiyalarının istismarı hesabına ödədiyi şəraitdə, Qərbin İranın bununla bağlı haqqını tanımaq istəməməsi rəsmi Tehranda bir qayda olaraq narazılıq doğurub.

İran uranın zənginləşdirilməsi istiqamətində araşdırmalarında uranın 60 kqt-yə qədər zənginləşdirilməsinə nail olduğunu heç gizlətmir də. Nüvə silahının istehsalı üçün isə 90 kq vayt lazımdır və İran yaxın perspektivdə buna nail ola da bilər. İran bununla özünün nüvə çalışmaları sahəsində tədqiqatlarında hansı həddə çatdığını nümayiş etdirərək onunla güc mövqeyindən danışmaq istəyən Qərbə ismarıclarını çatdırıb, bu jestinin müqabilində Qərbdən ona qarşı tətbiq olunan sanksiyalsrın yumşaldılacağına ümid edir.İranın ali dini lideri Xameyninin bununla bağlı açıqlamaları da Qərbə onunla əməkdaşlığa açıq olan rəsmi Tehranın jestidir.

İrana qarşı təhdid və sanksiyaların əsas təşəbbuskarı isə rəsmi Tehranı HƏMAS və Hizbullaha dəstəkdə ittiham edən İsraildir".

Politoloq Çingiz Şahbazi isə deyib ki, İranın ali dini rəhbəri Əli Xameneinin və prezident Pezişkianın nüvə silahından imtina ilə bağlı bəyanatları heç də yeni fikir deyil və nüvə silahının insanlığa qarşı istifadəsinin haram olduğu haqda, 80-ci illərdə İranın o zamankı dini rəhbəri Ayətullah Ruhulla Xomeyni İran adına ilk dəfə bəyan etmişdir. Əslində bəşəriyyətin qorxulu yuxusuna çevrilən bu silahın haram olması haqqında İslam ölkələrinin və İslam alimlərinin demək olar ki, yekdil fikirləri var.

"İslam bir tək nüvə silahından istifadə olunmasını qadağan etmir. İslam, ümumiyyətlə, kütləvi qırğın silahından istifadənin tam əleyhinədir. Bura bu qəbildən bütün silahlar daxildir. Bu səbəbdən İran prezidenti Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir və buna bənzər İranın ali dini lideri Əli Xameneinin də verdiyi bəyanatda heç bir təəccüblü bir şey yoxdur. Çünki, bəyanatdan da belə başa düşülür ki, İslam dininin fiqh elmində göstərilən haram və qadağalara görə, verilən bu bəyanat və bundan doğan İranın mövqeyi məhz İslamın bu əmrinə tabe olduqlarının göstəricisidir, anlamı daşıyır" politoloq deyib.

O, qeyd edib ki, İran prezidenti Məsud Pezeşkian, sadəcə İranın bu mövqeyini bir daha xatırladaraq, İranın hərbi-strateji doktrinasının nüvə silahına əsaslanmadığını vurğulayıb və bu da o anlama gəlir ki, İran uranın zənginləşdirilməsi istiqamətində apardığı bütün işləri yalnız sülh məqsədləri üçün nəzərdə tutur və alınan nəticələrin yalniz iqtisadi inkişaf baxımından kənd təsərrüfatı və istehsal sahələrində və digər dinc məqsədlər üçün nəzərdə tutulmuşdur, anlamı daşıyır: "Amma, bütün bunlara rəğmən Qərb, ABŞ və xüsusilə də İsrail, İranın bu mövqeyini dəstəkləmir və bu istiqamətdə İrana etibar etmirlər. Çünki, İranın bu istiqamətdə sahib olduğu texnologiya, İranın gələcəkdə nüvə silahına sahib olmasına imkan verir. Bu səbəbdən İran üzərində nəzarət və bundan dolayı sanksiyalar saxlanılmaqdadır. Yəni İranın rəsmilərinin verdikləri bəyanat, İranın bu istiqamətdə işlərin davam etməsindən imtina etməsi anlamına gəlməməlidir. Əksinə bu istiqamətdə işləri davam etdirmək üçün, məqsədlərini bəyan etməklə zəmanət əldə etmək niyyətindədirlər".

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov “məlumatlı mənbələrə” istinadən İrana qarşı yeni zərbələr təhlükəsi barədə xəbərdarlıq edib. Lavrov bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra mətbuat konfransında jurnalistlərə deyib: “Sizin vaxtaşırı yazdığınız və politoloqların qeyd etdikləri odur ki, İrana qarşı yeni zərbələr təhlükəsi hələ də qalmaqdadır və bəzi məlumatlı mənbələrin bildirdiyinə görə, hətta praktiki baxımdan da müzakirə olunur”.

Lavrovun sözlərinə görə, bütün bunlar həm hərbi təhdid, həm də İranı iqtisadi cəhətdən boğmaq tədbirləri ilə sinxronlaşdırılıb. Onun fikrincə, "bu, kədərlidir": "Bu, yalnız bir şey deməkdir: Qərb ölkələrinin, bizim dediyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması. İstər İran, Kosovo, istərsə də Ukrayna üzrə Minsk razılaşmaları - buna bənzər saysız-hesabsız nümunələr var".

Cavid