10:32
469
“Ukrayna müharibəsi həm cəbhədə, həm də diplomatiya masasında yeni mərhələyə daxil olur. ABŞ administrasiyası sülh sazişinin əldə olunmasına nikbin yanaşaraq sənədin əsas bəndlərinin artıq kağız üzərində hazırlandığını açıqlayıb. Bu gün – 2 dekabrda Moskvada keçiriləcək görüş də prosesin vacib hissəsidir. Kreml sözçüsü Dmitri Peskovun məlumatına görə, Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff günortadan sonra bir araya gələcək və Rusiya–Amerika təmaslarına hazırlıq çərçivəsində qapalı müzakirələr aparacaq. Vaşinqtonun paralel şəkildə həm Moskva, həm də Kiyevlə danışması sülh diplomatiyasının intensivləşdiyini göstərir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
Siyasi şərhçi bildirib ki, bu diplomatik fəallığın fonunda Rusiya ordusu cəbhədə təzyiqi artırır: “Donetskdə Dmitriyev (Mirnoqrad) istiqamətində irəliləyiş, Zaporojyedə Hulyapole ətrafında döyüşlərin genişlənməsi və Putinin xüsusi təyinatlıların komanda məntəqəsinə səfəri Kreml üçün sahədə üstün mövqe formalaşdırmaq cəhdinin göstəricisidir. Eyni zamanda, Kiyevdə daxili siyasi gərginlik güclənir: Valeriy Zalujnının qayıdışı Zelenski–Zalujnı xəttindəki fikir ayrılıqlarını aktuallaşdırıb və Ukrayna cəmiyyətində artan yorğunluq fonunda siyasi riskləri artırır”.
Onun qeyd etdiyinə görə, mövcud dinamika göstərir ki, müharibə 2025-ci ilin sonuna doğru daha mürəkkəb və çoxşaxəli mərhələyə keçib: “Rusiya danışıqlara əlverişli mövqe ilə oturmaq üçün sahədə təzyiqi artırır, ABŞ diplomatik kanalları genişləndirir, Ukrayna isə həm cəbhədə, həm də siyasi müstəvidə çətinliklərlə üz-üzədir. Bu fonunda ən real ehtimal münaqişənin yaxın aylarda tam bitməsi deyil, müəyyən xətt üzrə “dondurulması” və 2026-cı ildən mərhələli, uzunmüddətli danışıqlar prosesinə keçid görünür”.
Röya İsrafilova