
Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə keçdiyi bir dövrdə region ölkələrinin diqqəti yenidən 3+3 əməkdaşlıq formatına yönəlib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən bu platforma, Cənubi Qafqazda siyasi sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. 3+3 modeli üç Cənubi Qafqaz ölkəsini — Azərbaycanı, Ermənistanı və Gürcüstanı, eləcə də regionun üç əsas qonşusunu — Türkiyə, Rusiya və İranı bir masa arxasında toplayan mexanizmdir. Bu format regional məsələlərin məhz region dövlətləri tərəfindən müzakirə edilməsini nəzərdə tutur və xarici güclərin proseslərə təsirini minimuma endirməyi hədəfləyir.
Hazırda növbəti görüşün Bakı və ya İrəvanda keçirilməsi barədə təşəbbüs aktuallıq qazanıb. Sülh müqaviləsinin imzalanmasına çox yaxın bir zamanda belə bir addımın irəli sürülməsi iki ölkə arasında etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Region dövlətlərinin böyük qismi toplantının Bakıda təşkilini dəstəkləsə də, Ermənistanın prosesdən yayınması diqqət çəkir.
Politoloqlar məsələylə bağlı “Xalq Cəbhəsinin suallarını cavablandırıb.
“Nəticəni səmimiyyət müəyyən edir”
Politoloq Xəyal Bəşirov deyib ki, 3+3 formatı İkinci Qarabağ müharibəsindən sonra post-münaqişə dövrü üçün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsinə xidmət edən çox mühüm regional platformadır: “Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz əvvəldən qeyd etmişik ki, əməkdaşlıq istiqamətində inkişafı baxımından olduqca əhəmiyyətlidir”.
Politoloqun sözlərinə görə, formatın Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, Türkiyə, Rusiya və İranı da bir masa arxasına gətirməsi Cənubi Qafqazın öz daxili maraqlarına xidmət edən mühüm modeldir: “Cənubi Qafqaz proseslərinə kənar müdaxilə olduğu halda problemlərin həll olunmadığını dəfələrlə görmüşük. Azərbaycan tərəfi Avropa və ya Skandinaviya ölkələri ilə deyil, məhz region dövlətləri ilə platforma yaratmaq istəyirdi. Bu isə bir çox xarici güclərin maraqlarına uyğun gəlmirdi. Lakin artıq Ermənistan da illər sonra Azərbaycanın dediyi mövqeyə yaxınlaşır. 8 avqustda Vaşinqtonda keçirilən görüşdə tərəflərin bir sıra məsələləri geridə qoyması bunu göstərir. 3+3 formatı ATƏT-in Minsk Qrupu kimi kənar təsir gücü olan, lakin nəticə verməyən platformaları arxa plana keçirir. Buna görə gələcəkdə görüşlərin Bakıda, İrəvanda, Tbilisidə və ya region ölkələrinin paytaxtlarında keçirilməsi mümkündür. Lakin burada əsas məsələ görüşün harada baş tutması deyil. Əsas odur ki, müzakirə olunan məsələlərə dövlətlər səmimi yanaşsın. Görüşlərin nəticə verməsi üçün praktiki addımlar vacibdir.Əgər müzakirələrdən sonra real addımlar atılmayacaqsa, görüşlərin yeri heç bir əhəmiyyət daşımayacaq. Bu platformada Cənubi Qafqaz xalqlarını və dövlətlərini maraqlandıran məsələlər müzakirə olunur və bu müzakirələrin ardınca konkret addımların atılması tələb olunur. Azərbaycanın mövqeyi və niyyəti bəllidir – ölkə təşəbbüsçüdür və sülhə hazırdır”.
Xəyal Bəşirov qeyd edib ki, əsas məsuliyyət Ermənistanın səmimiyyətindədir:“Əgər Ermənistan bu platformada səmimi iştirak etməsə, o zaman görüşün Bakıda, İrəvanda və ya başqa şəhərdə keçirilməsinin heç bir mənası qalmayacaq”.
“Ermənistan geri addım atdı”
“Politoloq Şakir Ağayev qeyd edib ki, 3+3 formatı Azərbaycan tərəfindən region dövlətləri arasında inteqrasiyanı, siyasi-iqtisadi əməkdaşlığı və mədəni əlaqələrin genişlənməsini hədəfləyən təşəbbüsdür: “Bu günə qədər bu format çərçivəsində bir neçə iclas keçirilib və proses ümumilikdə regional təhlükəsizliyə müsbət təsir göstərib. Hazırda Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çox yaxın olduğumuz bir vaxtda toplantının Bakıda və ya İrəvanda keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi xüsusilə əhəmiyyətlidir. Bu addım Bakı–İrəvan münasibətlərini yaxınlaşdıra biləcək mühüm bir siyasi jest ola bilər”.
Onun fikrincə, İranın xarici işlər nazirinin Bakıya səfəri zamanı Tehran görüşün Bakıda keçirilməsinə açıq dəstək göstərib, həmçinin Rusiya, Türkiyə və Azərbaycan da bu seçimin tərəfdarıdır: “Görünən odur ki, region ölkələrinin əksəriyyəti iclasın məhz Bakıda baş tutmasında maraqlıdır. Lakin Ceyhun Bayramovun son açıqlamasından aydın oldu ki, Ermənistan Bakıda təşkil olunacaq toplantıda iştirak etmək istəmir. Rəsmi İrəvan ümumi bəyanatlarında əməkdaşlığa hazır olduğunu desə də, praktik addımlara keçəndə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. İclasların növbəli şəkildə həm Bakıda, həm də İrəvanda keçirilməsi əməkdaşlığın daha səmərəli davam etməsinə şərait yarada bilər. Əgər bu görüşlər ardıcıllıqla iki paytaxtda təşkil olunsa, bu, regionda etimadı artırar, Ermənistan–Azərbaycan münasibətlərini normallaşdırar və sülh müqaviləsinin imzalanmasını sürətləndirər. Ümumilikdə, 3+3 formatı regional dövlətlərin daha ciddi əməkdaşlığına və Cənubi Qafqazda dayanıqlı təhlükəsizliyin formalaşmasına böyük töhfə verə bilər”.
Günel Elxan