“Azərbaycanın Ukraynaya dəstəyi güclənir” Siyasət

“Azərbaycanın Ukraynaya dəstəyi güclənir”

“Azərbaycan-Ukrayna əlaqələri son illərdə sürətli şəkildə inkişaf edir və Azərbaycan hər zaman Ukraynaya öz prinsipial dəstəyini nümayiş etdirib”.

Bunu politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göstərib və bu proses hazırda da davam edir:

“Azərbaycan dövləti öz mövqeyini ən yüksək səviyyədə ifadə edib və Ukraynanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə bəyan edib. Bu, tamamilə beynəlxalq hüquq normalarına uyğun mövqedir. Azərbaycan özü də uzun illər oxşar problemlərlə üzləşmiş ölkə kimi bu məsələlərin nə qədər həssas olduğunu yaxşı anlayır və buna görə də beynəlxalq hüququn tələb etdiyi prinsiplərə uyğun hərəkət edir. Ukrayna da Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirir və bunu müxtəlif səviyyələrdə dəfələrlə ifadə edib.Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Bakı ilə Kiyev arasında münasibətlərin daha da inkişafına ciddi təkan verəcək. Gələcəkdə humanitar layihələr daha da genişlənəcək və Azərbaycan beynəlxalq platformalarda Ukraynaya dəstəyini davam etdirəcək”.

Z.Əmrəliyev qeyd edib ki, post-müharibə dövründə Azərbaycanın bərpa və yenidənqurma təcrübəsi Ukrayna üçün faydalı model ola bilər:
“Xüsusilə şəhərlərin yenidən qurulması, əhalinin mərhələli şəkildə köçürülməsi və Ağıllı kənd, Ağıllı şəhər layihələri Ukrayna üçün nümunə rolunu oynaya bilər. Azərbaycanın bu sahədə formalaşdırdığı konsepsiya müharibədən sonrakı şəhərsalma və sosial reinteqrasiya prosesində Ukrayna üçün optimal həll variantlarından biridir”.

Politoloqun fikrincə, bu cür humanitar əməkdaşlıq və təcrübə mübadiləsi ikitərəfli münasibətlərin daha da güclənməsinə və uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Günel Elxan