16:58
623
Hazırda düşmənin irimiqyaslı hücum üçün zərbə qruplaşmaları formalaşdırdığına dair heç bir əlamət müşahidə olunmur.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 148-ci əlahiddə artilleriya briqadasının zabiti Serhiy Kolesniçenko məlumat verib.
O, Oleksandrivka və Qulyaypol istiqamətlərində vəziyyətin nəzarət altında, lakin gərgin qaldığını bildirib: “Rusiya ordusu müqavimət göstərməyə davam edir, lakin onların hərəkətləri əsasən epizodik xarakter daşıyır”.
S.Kolesniçenkonun sözlərinə görə, düşmən hücum potensialını saxlasa da, Ukrayna bölmələrinin təzyiqi altında onu məhdud şəkildə tətbiq etmək məcburiyyətindədir: “Onlar kiçik hücum qrupları, FPV dronları və loqistikamıza təsir cəhdləri ilə hərəkət edirlər. Müdafiə qüvvələri isə bu planları sistemli şəkildə pozur”.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) isə bildirir ki, Rusiya ordusu bir neçə istiqamətdə hücum edərək Ukrayna qoşunlarını sərhəddən uzaqlaşdırmağa və "bufer zonaları" yaratmağa çalışır. Analitiklərin fikrincə, Xarkov vilayətində Rusiyanın əsas məqsədi sərhəd boyu müdafiə zonası yaratmaq və Xarkovu artilleriya atəşi məsafəsinə qədər yaxınlaşdırmaqdır.
Hesabatda həmçinin qeyd olunur ki, ruslar hücum əməliyyatlarında motosikletlərdən daha tez-tez istifadə etməyə başlayıblar. Xüsusilə, Volçanskiy Xutor istiqamətində sürətlə irəliləmək və döyüş zonasından tez keçmək üçün uzun fasilədən sonra ilk dəfə motosikletlərlə motorlaşdırılmış hücum həyata keçirilib.