“Son hədəf İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır” Gündəm

“Son hədəf İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır”

“ABŞ hərbi qüvvələrinin son zamanlar ən güclü şəkildə Yaxın Şərqə gətirildiyi və İran ətrafında olan hərbi bazalara yerləşdirildiyi məlumdur. Bu, hərbi güc nümayişi hətta 2003-cü il İraqa müdaxilədən öncə olan qüvvələrin sayından da daha çoxdur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputatın sözlərinə görə, görünən odur ki, bu hərbi güc təkcə siyasi və diplomatik təzyiq vasitəsi deyil, eyni zamanda, hərbi komponentin qaçılmaz olduğunu göstərir: “Çünki bu qədər güclərin toplanılması, onların Yaxın Şərqə transfer edilməsi, həmçinin ABŞ-nin hazırda iki ən böyük aviadaşıyıcısının Yaxın Şərqə Fars körfəzinə, Oman körfəzinə gətirilməsi ona dəlalət edir ki, hücum olacaq. Bu hücum təbii ki, ABŞ-nin tələbləri olan uranın zənginləşdirilməsinin dayandırılması, İranın raket proqramına son qoyulması və İranın dəstəklədiyi qruplara dəstəyinin son qoyulması tələbləri kimi səsləndirilir”.

T.Gəncəliyev hesab edir ki, burada son hədəf İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır: “Hətta İran birinci qeyd olunmuş hədəfləri yerinə yetirsə belə hakimiyyət dəyişikliyi ABŞ-nin əsas hədəfi olduğundan ona görə də hərbi müdaxilənin qaçılmaz olduğunu düşünürəm. Yəni bu hərbi müdaxilə olacaq. Lakin bir tərəfdən də digər məsələ yaranır ki, bu ssenari Venesuelada Maduroya qarşı edildi, ancaq Maduro ssenarisi İranda nə qədər müvəffəqiyyətli olacaq bunu zaman göstərəcək. Çünki İran həm əhalisinə görə, həm də ordusuna görə Venesueladan fərqlənir, daha güclü hesab olunur. Ona görə də bu qədər ordunun bura toplanılması, aviadaşıyıcıların, onlarla, yüzlərlə hərbi texnikanın - qırıcıların, bombardmançıların gəlməsi ona dəlalət edir ki, bu hərbi müdaxilə baş verməlidir. Hesab edirəm ki, hərbi müdaxilə olacaq”.

Röya İsrafilova