Ağbənd-Kəlalə körpüsü: Azərbaycan-İran arasında ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək” Gündəm

Ağbənd-Kəlalə körpüsü: Azərbaycan-İran arasında ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək”

Baş nazirin müavini Şahin Mustafayev Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin artıq başa çatdığını və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsinin nəzərdə tutulduğunu bildirib. Körpünün istismara verilməsinin Azərbaycan üçün üstünlükləri nədir?

Millət vəkilləri, iqtisadçılar “Xalq Cəbhəsi”nə bu barədə danışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov söyləyib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün istifadəyə verilməsi praktik olaraq Azərbaycan və İran arasında ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək: “Əsasən Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar var. Bu baxımdan xüsusən də alternativ nəqliyyat yollarından istifadə olunması vacibdir. Təbii ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi də son illər orta hesabla yarım milyard dollar ətrafında dəyişir. Bu isə ondan xəbər verir ki, ticarət əlaqələrinin daha da genişləndirilməsi, xüsusən də idxal-ixrac əməliyyatlarının həcminin artırılması baxımından belə bir nəqliyyat yoluna ehtiyac var”.

“Quru nəqliyyata müsbət təsir göstərəcək”

Deputat qeyd edib ki, digər tərəfdən xüsusən nəzərə alsaq ki, hazırda Zəngəzur dəhlizi istifadəyə verilənə qədər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu əlaqəsi məhz İran vasitəsilə həyata keçirilir: “Belə bir avtomobil yolunun istifadəyə veriləcəyi, eyni zamanda, gömrük buraxılış məntəqəsinin qurulmasıdır. Həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı quru nəqliyyata müsbət təsir göstərəcək”.

Ən vacib məqamlardan biri

V.Bayramovun sözlərinə görə, ən vacib məqamlardan biri yükdaşımalardır: “Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmində artımlar var. Yükdaşımalar alternativ nəqliyyat yollarından istifadəni daha da aktuallaşdırır. Bu kontekstdən Azərbaycan həm də fərqli istiqamətlərdə nəqliyyat və logistik infrastrukturun genişləndirilməsində maraqlıdır. Yalnız Şərq-Qərb deyil, eyni zamanda, Şimal-Cənub Nəqliyyat dəhlizi də bu kontekstdə Azərbaycan üçün prioritet məsələlərdəndir. Azərbaycan Şimal-Cənub Nəqliyyat dəhlizinə həm dəstək olan, həm də maliyyələşdirilməsində iştirak edən dövlətlərdəndir. Bu da nəticə etibarı ilə həmin dəhliz vasitəsilə daha çox yüklərin şimaldan hətta Hindistana qədər daşınmasına imkan yaradır. Bu kontekstdən şimal-cənub istiqamətində də yeni nəqliyyat qovşaqlarının, eləcə də logistik infrastrukturun inkişaf etdirilməsi bütövlükdə Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına imkan yaradacaq”.

İqtisadçı Eldəniz Əmirov söyləyib ki, Ağbənd-Kəlalə avtomobil yolu hazırda Azərbaycan üçün aktual olan iki nəqliyyat dəhlizinin seqmenti olaraq çıxış edir: “Birincisi, perspektivdə Şərq-Qərb dəhlizinin məhz Naxçıvan üzərindən keçən hissəsinin bir parçası olaraq çıxış edəcək. Çünki Şərq-Qərb dəhlizi Xəzər dənizindən Azərbaycana daxil olduqdan sonra artıq iki istiqamət üzrə ayrılacaq, ənənəvi Gürcüstan marşrutundan əlavə olaraq işğaldan azad olunmuş ərazilərimizə keçəcək. Buradan da yenə iki hissəyə ayrılacaq. Biri Zəngəzur dəhlizi üzərindən Naxçıvana, digəri isə məhz Ağbənd-Kəlalə avtomobil körpüsündən keçərək Naxçıvana çatacaq”.

“Bu körpü dörd dəhliz seqmenti olaraq çıxış edəcək”

E.Əmirovun bildirdiyinə görə, bu layihə həm də Şimal-Cənub Nəqliyyat dəhlizi üçün strateji əhəmiyyət daşıyır: "Çünki qarşıdakı dönəmdə məhz Ağbənd-Kəlalə avtomobil yolu Cənub-Qərb nəqliyyat dəhlizinin bir seqmenti olacaq. Cənubdan gələn yüklər Azərbaycana daxil olduqdan sonra Naxçıvana keçmək üçün məhz bu marşrut üzərindən də gedə bilər, eyni zamanda da şimal-qərb istiqamətdən də. Yəni başqa sözlə, Ağbənd-Kəlalə avtomobil körpüsü Şimal-Cənub dəhlizinin, Şərq-Qərb dəhlizinin, Şimal-Qərbin və həmçinin Cənub-Qərbin seqmenti ola bilər. Yəni bu körpü dörd dəhliz seqmenti olaraq çıxış edəcək”.

Zəngəzur dəhlizinə alternativ

O həmçinin diqqətə çatdırıb ki, körpü Zəngəzur dəhlizinə alternativ olaraq çıxış edir: “Zəngəzur dəhlizinə alternativ o baxımdan ki, həm Ermənistan tərəfi, həm də İran tərəfi üçün bəlli olanda ki, Azərbaycanı Naxçıvanla birləşdirən və Azərbaycanın Türkiyə üzərindən qərbə çıxışını təmin edən digər bir alternativ var, təbii ki, bu perspektivdə rəqabət mühitinin də daha yuxarı səviyyədə təmin olunmasına xidmət etmiş olur”.

Ölkənin regiona inteqrasiyası

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması tək nəqliyyat subyekti deyil, həm də ölkənin regiona inteqrasiyasını təmin edir: “Bu, həm də Orta Dəhlizin fəaliyyətinin bir istiqaməti və hissəsidir ki, bu da artıq gələcək inteqrasiya, gələcək ticari əlaqələrin genişlənməsi, tranzit logistika xətlərinin fəaliyyətinin işə düşməsidir. Bu da ölkəmizin həm xarici iqtisadi əlaqələrinin genişləndirilməsini, həm də ölkədə sahibkarlığın xarici bazarlara çıxışını təmin edəcək”.

Onun sözlərinə görə, digər tərəfdən bu, Orta Dəhlizin və Zəngəzur dəhlizinin imkanlarına əhəmiyyətli töhfələr verəcək: “Sözsüz ki, bu cür körpülərin açılması nəqliyyat infrastrukturunun da təkmilləşdirilməsinə şərait yaradır və bu baxımdan ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirir. Bu da həm qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir, həm də burada yük axınının və yük ötürülməsinin imkanlarını və sürətini artırır”.

Sülh prosesinə töhfə

E.Kərimli qeyd edib ki, bundan başqa bu, həm də sülh prosesinə töhfənin artıq tam formalaşmasına imkan yaradır: “Həmçinin qonşu ölkələrlə iqtisadi əlaqələrin və yükdaşımaların sürətlənməsinə və başlamasına bir infrastruktur obyekti kimi imkanlar yaradacaq. Hesab edirəm ki, bu, gələcəkdə həm Qarabağ iqtisadi, həm Zəngəzur iqtisadi zonasının imkanlarını genişləndirəcək, həm də bölgənin iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Röya İsrafilova