Sülh zirvəsi uzaqdadır: Rusiyanın tələbləri prosesi çətinləşdirir Gündəm

Sülh zirvəsi uzaqdadır: Rusiyanın tələbləri prosesi çətinləşdirir

Rusiya–Ukrayna müharibəsi beynəlxalq siyasi gündəmin ən kritik məsələlərindən biri olaraq qalır və bu münaqişənin dayandırılması üçün müxtəlif diplomatik təşəbbüslər davam etdirilir. ABŞ administrasiyası, xüsusilə Donald Tramp dövründə, tərəflər arasında sülh əldə etmək məqsədilə bir sıra cəhdlər göstərib. Lakin Rusiya tərəfindən irəli sürülən sərt və maksimalist tələblər, Ukraynanın ərazi bütövlüyü və Avroatlantik inteqrasiya məsələlərinə dair mövqeyi, eləcə də Avropa ölkələrinin fərqli maraqları danışıqların mürəkkəbliyini artırır.

“Rusiya maneəsi”

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi” nə bildirib ki, ABŞ administrasiyası, xüsusilə də Donald Trump dönəmində Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində ciddi cəhdlər göstərilsə də, real nəticələr hələlik qənaətbəxş deyil.

Deputatın sözlərinə görə, Tramp seçki dövründə müharibəni qısa müddətdə, hətta 24 saat ərzində dayandıra biləcəyini bəyan etsə də, danışıqlar prosesi bu münaqişənin son dərəcə mürəkkəb xarakter daşıdığını ortaya qoydu: “Sonradan müharibənin 6 ay ərzində yekunlaşacağı bildirilsə də, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, ciddi irəliləyiş əldə olunmayıb.ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar, o cümlədən Əbu-Dabidə və daha sonra Cenevrədə keçirilən raundlar əsaslı nəticə verməyib. Yeganə konkret razılaşma humanitar xarakterli əsir mübadiləsi olub ki, bu da münaqişənin mahiyyətinə təsir edən faktor sayılmır.

Danışıqların nəticəsiz qalmasının əsas səbəbi Rusiya tərəfinin irəli sürdüyü qəbuledilməz tələblərdir. Moskva işğal etdiyi ərazilərin Rusiya torpağı kimi tanınmasını, Ukraynanın Avroatlantik məkana inteqrasiyadan imtina etməsini və NATO məsələsinin gündəmdən çıxarılmasını tələb edir. Bu şərtlər isə Ukrayna üçün həm siyasi, həm də konstitusion baxımdan mümkün deyil. Heç bir Ukrayna rəhbəri belə tələbləri qəbul etməklə öz siyasi gələcəyinə son qoya bilməz. Ərazi məsələləri yalnız xalqın iradəsi və konstitusion mexanizmlər çərçivəsində həll oluna bilər. Eyni zamanda, Rusiyaya ediləcək güzəştlər gələcəkdə daha ağır tələblərin ortaya çıxmasına zəmin yarada bilər.

Tramp administrasiyası müharibənin tezliklə dayandırılmasında maraqlıdır və bu, əsasən ABŞ-da qarşıdan gələn siyasi proseslərlə bağlıdır. Bununla belə, Ukraynanın ərazi itkilərinə razılaşması real görünmür. Əgər danışıqlarda ciddi nəticə əldə olunmazsa, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi qaçılmaz olacaq.

Avropa ölkələri də məsuliyyəti daha çox bölüşməli, Ukraynaya dəstəyi artırmalı və Rusiyaya qarşı təzyiqləri gücləndirməlidir. Onun fikrincə, yalnız Rusiyanın zəiflədiyi bir şəraitdə müharibənin dayandırılması mümkün ola bilər və başqa yol bu münaqişəni dayandırmaq üçün real görünmür.

“Üçtərəfli zirvə ehtimalı”

Politoloq Oqtay Qasımov vurğulayıb ki, hazırkı şəraitdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalı kifayət qədər aşağıdır.

Onun sözlərinə görə, belə bir görüş yalnız o halda mümkün ola bilər ki, tərəflər prinsipal məsələlər üzrə razılığa gəlsinlər və müzakirə üçün yalnız liderlərin qərar verməli olduğu müəyyən nüanslar qalsın: “Bu tip görüşlər adətən danışıqlar prosesinin yekun mərhələsində baş tutur. Yəni əsas məsələlər əvvəlcədən razılaşdırılır, liderlər isə sadəcə bu razılaşmaları siyasi səviyyədə təsdiqləyirlər. Hazırda tərəflər arasında xüsusilə ərazi məsələləri ilə bağlı mövqelər ciddi şəkildə fərqlənir və bu ziddiyyətlər hələlik uzlaşdırıla bilmir. Məhz bu səbəbdən indiki mərhələdə belə bir zirvə görüşünün real nəticə verməsi ehtimalı olduqca zəifdir. Hətta nəzəri baxımdan belə bir görüş baş tutsa belə, onun uğurla yekunlaşacağını demək çətindir”.

Oqtay Qasımovun fikrincə, Donald Trampın real nəticələr olmadan görüşə qatılmamaq mövqeyi də ABŞ-ın diplomatik yanaşmasından irəli gəlir. Amerika Birləşmiş Ştatları hesab edir ki, tərəflər bütün məsələləri əvvəlcədən razılaşdırmalı, danışıqlar faktiki olaraq yekunlaşmalı və liderlər masaya əyləşdikdə yalnız formal təsdiq mərhələsi qalmalıdır”.

Politoloq əlavə edib ki, bu yanaşma daha əvvəl digər beynəlxalq proseslərdə də müşahidə olunub: “ABŞ belə bir diplomatik uğuru həm beynəlxalq arenada nüfuzunun gücləndirilməsi, həm də Donald Trampın daxili siyasi gündəmində, xüsusilə aralıq seçkilər ərəfəsində siyasi dividendlər əldə etmək baxımından əhəmiyyətli hesab edir”.

Günel Elxan