12:01
903
“Merkelin Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi adı çəkilsə də, o, özü bu rolu qəbul etməyə meyilli görünmür və danışıqları real siyasi səlahiyyəti olan hazırkı liderlərin aparmalı olduğunu bildirib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib.
Z.Qarayeva söyləyib ki, bununla belə, Merkelin prosesə məsləhətçi və ya Avropanın diplomatik xəttini gücləndirən sima kimi qoşulması müəyyən yumşalma yarada bilər: “Çünki o, uzun illər Putinlə işləyib, Rusiya siyasi psixologiyasını tanıyır və Avropada təcrübəli dövlət xadimi kimi qəbul olunur. Amma təkcə şəxsi nüfuz sülh üçün kifayət deyil. Əsas məsələ Moskvanın real güzəştə hazır olub-olmaması və Kiyevin təhlükəsizlik təminatları almasıdır”.
Politoloq əlavə edib ki, əgər Merkel rəsmi vasitəçi kimi yox, Avropa adından diplomatik kanalın formalaşmasında rol alsa, danışıqlara müəyyən sistemlilik gətirə bilər: “Lakin bu, müharibəni dərhal dayandıracaq sehrli formul deyil. Ukrayna üçün əsas şərt ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləridir, Rusiya isə hələ də danışıqları öz hərbi-siyasi şərtləri ilə aparmağa çalışır. Ona görə Merkel faktoru prosesə etimad və təcrübə qata bilər, amma irəliləyiş yalnız ABŞ, Avropa, Ukrayna və Rusiyanın konkret kompromis çərçivəsinə razılaşması ilə mümkündür. Hazırkı mərhələdə bu, sürətli sülhdən çox, danışıqlar kanalının gücləndirilməsi ehtimalı kimi görünür”.
Röya İsrafilova