
“Avropada Ukrayna–Rusiya müharibəsinin uzanması fonunda yeni vasitəçilik formatlarının müzakirəyə çıxarılması təsadüfi deyil. Xüsusilə də ABŞ-nin bu prosesdə dominant roluna dair Avropa daxilində müəyyən narahatlıqlar fonunda Almaniyanın keçmiş kansleri Angela Merkel kimi təcrübəli siyasi fiqurun adının mümkün vasitəçi kimi gündəmə gətirilməsi diqqət çəkən geosiyasi tendensiyadır. Lakin Merkelin bu prosesə real vasitəçi kimi qoşulması və bunun sülh danışıqlarına təsiri mütləq mümkün bir neçə vacib siyasi və diplomatik amil kontekstində qiymətləndirilməlidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Angela Merkel Avropa diplomatiyasında uzun illər balanslı və praqmatik siyasəti ilə seçilən liderlərdən biri hesab olunub: “Xüsusilə 2014-cü ildən sonra Ukrayna böhranının idarə olunmasında onun rolu müstəsna əhəmiyyətə malik olub. Məhz bu baxımdan yanaşdıqda, Merkel həm Moskvanın, həm də Kiyevin siyasi dairələrinin psixologiyasını və qərarvermə mexanizmlərini yaxşı bilən nadir Avropa siyasətçilərindən biri hesab oluna bilər”.
A.Qurbanova deyib ki, digər tərəfdən isə mövcud geosiyasi reallıqlar əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib: “Bugünkü mərhələdə Ukrayna–Rusiya müharibəsi artıq yalnız regional təhlükəsizlik problemi deyil, eləcə də Qərblə Rusiya arasında sistem xarakterli strateji qarşıdurmanın tərkib hissəsinə çevrilib. Belə bir şəraitdə yalnız fərdi siyasi nüfuz və diplomatik təcrübə sülh prosesində dönüş yaratmaq üçün kifayət etmir. Çünki əsas problem tərəflər arasında etimadın demək olar ki, tamamilə itməsidir. Həmçinin Merkelin mümkün vasitəçiliyinə skeptik yanaşan çevrələrin arqumentləri də kifayət qədər güclüdür. Rusiyada müəyyən dairələr hesab edirlər ki, Minsk razılaşmaları Moskvanın maraqlarını qorumaq üçün deyil, Ukraynanın zaman qazanması məqsədilə istifadə olunub. Merkelin özü də sonrakı açıqlamalarında həmin razılaşmaların Ukraynaya müdafiə imkanlarını gücləndirmək üçün vaxt qazandırdığını bildirmişdi. Bu isə rəsmi Kreml daxilində ona olan etimadı ciddi şəkildə zəiflədib”.
Onun fikirlərinə görə, Ukraynada da bəzi siyasi dairələr Almaniyanın keçmiş siyasətini Rusiyaya qarşı kifayət qədər sərt hesab etmirlər: “Belə olan halda Merkelin hər iki tərəf üçün tam neytral vasitəçi kimi qəbul olunması bir qədər çətin görünür. Onu da qeyd etmək lazımdır ki, Merkelin əsas üstünlüyü emosional ritorikadan uzaq rasional diplomatiya məktəbinin nümayəndəsi olmasıdır. Hazırkı mərhələdə Avropada məhz belə praqmatik vasitəçilik modelinə ehtiyacın artdığı aydın şəkildə müşahidə edilir. Lakin reallıq ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsinin taleyi yalnız vasitəçilərin kimliyi ilə müəyyən olunmur. Müharibənin dayandırılması üçün ilk növbədə tərəflərin strateji kompromisə hazır olması lazımdır. Hazırkı mərhələdə isə həm Moskva, həm də Kiyev daha çox hərbi-siyasi üstünlük əldə etməyə fokuslanıb. Bu isə yaxın perspektivdə fundamental sülh sazişinin əldə olunmasını çətinləşdirir”.
Politoloq həmçinin qeyd edib ki, nəticə etibarilə, Angela Merkelin prosesə qoşulması diplomatik kommunikasiya kanallarının genişlənməsinə və müəyyən texniki dialoq platformalarının yaranmasına müsbət təsir göstərə bilər: “Ancaq onun vasitəçiliyinin qısa müddətdə həlledici dönüş yaradacağı gözlənilmir. Çünki mövcud münaqişə artıq klassik diplomatik böhran çərçivəsini aşaraq böyük güclər arasında geosiyasi nüfuz savaşının əsas elementlərindən birinə çevrilib. Buna görə də istənilən vasitəçilik təşəbbüsünün uğuru ilk növbədə tərəflərin siyasi iradəsindən və beynəlxalq güc balansının hansı istiqamətdə dəyişəcəyindən asılı olacaq”.
Röya İsrafilova