10:39
609
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlər çox qədim və uzunmüddətlidir.
Bunu WUF13 çərçivəsində keçirilən” Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması” tədbirində Səudiyyə İnkişaf və Yenidənqurma Proqramı rəsmisi Hasan Alattas deyib.
O qeyd edib ki, Səudiyyə İnkişaf Fondu vasitəsilə Səudiyyə Ərəbistanı Azərbaycanda su təchizatı, səhiyyə və yol infrastrukturu daxil olmaqla bir çox layihə həyata keçirib: “Energetika nazirimiz COVID-19 dövründə Azərbaycana səfər etmişdi. İki ölkə arasında güclü əlaqələr və koordinasiya mövcuddur. Keçən il hər iki ölkə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəldi”.
O diqqətə çatdırıb ki, Azərbaycanla əməkdaşlıqda inkişaf etdiriləcək sahələrdən biri turizm olacaq: “Çox sayda səudiyyəli turist Azərbaycana gəlir. Azərbaycan çox gözəl və təhlükəsiz ölkədir. İnsanlar çox qonaqpərvərdir. Ölkəniz çox gözəldir. Səudiyyə Ərəbistanından gələn turistlərin sayı artır və bu, yalnız Səudiyyə Ərəbistanı ilə məhdudlaşmır, bütün Körfəz ölkələrindən turist axını çoxalır. Bu isə Azərbaycan iqtisadiyyatı üçün çox müsbət haldır”.