“Prezident Administrasiyasında AMİP sədri ilə görüş keçirilib” Gündəm

“Prezident Administrasiyasında AMİP sədri ilə görüş keçirilib”


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident Administrasiyasında qəbul olunub.

AMİP-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə keçirilən görüşdə ölkədə aparılan siyasi islahatlar, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Arzuxan Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun ölkənin inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, bu cür görüşlər siyasi partiyalarla dövlət qurumları arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edir.

AMİP sədri partiyanın Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə iştirakı barədə də məlumat verib. Bildirib ki, partiyanın nümayəndə heyəti 28 aprel – 2 may tarixlərində Xorvatiyada keçirilən Beynəlxalq Demokrat İttifaqının forumunda iştirak edib.

A.Əlizadə bəzi beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli münasibət sərgilədiyini vurğulayaraq, xüsusilə Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsini tənqid edib. O, həmin sənədi Azərbaycanın suverenliyinə və bölgədə sülh prosesinə qarşı yönəlmiş siyasi addım kimi qiymətləndirib.

Görüş zamanı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda mövqeyinin daha da güclənməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də müzakirə olunub.

Qeyd olunub ki, hazırda ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında 182 ölkənin təmsil olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biridir.
Arzuxan Əlizadə bildirib ki, AMİP dövlətin milli həmrəylik siyasətini dəstəkləyir və Azərbaycanın maraqlarının müdafiəsində prinsipial mövqeyini davam etdirəcək.