“Uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir” Gündəm

“Uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir”

“Rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi istiqamətində tətbiq olunan mexanizmlər dünyanın bir çox ölkəsində artıq bir neçə ildir uğurla həyata keçirilir”.

Bu fikirləri təhsil eksperti Elmin Nuri xalqcebhesi.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, ABŞ, Fransa, Almaniya, Belçika və digər dövlətlərdə azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunur:
“Beynəlxalq təcrübədə ən geniş yayılan müdafiə mexanizmlərindən biri azyaşlıların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması, digəri isə məktəblərdə mobil telefon və müxtəlif smart cihazlardan istifadəyə qoyulan qadağalardır.
Bu qadağalar müxtəlif ölkələrdə fərqli formada tətbiq olunsa da, ümumi nəticə eynidir. Şagirdlərin ağıllı telefonlarla təması azalır, onların dərsə diqqəti artır, məktəb mühitinə və canlı ünsiyyətə marağı güclənir. Araşdırmalar göstərir ki, bu addımlar tədris keyfiyyətinə və şagird davranışlarına müsbət təsir edir”.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə hələlik daha çox tövsiyə xarakterli yanaşmalar mövcuddur: “Lakin beynəlxalq təcrübədə məsələnin getdikcə daha geniş miqyas alması problemin nə qədər ciddi olduğunu göstərir”.

Ekspert iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrini mühüm addım kimi qiymətləndirib.
Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə fərdi hesab yaratmasına icazə verilməyəcək. Eyni zamanda, 16-18 yaş arası istifadəçilər üçün əlavə təhlükəsizlik mexanizmləri tətbiq olunacaq, valideyn nəzarəti genişləndiriləcək və platformalar zərərli məzmunların qarşısını almaq üçün xüsusi texnoloji həllər tətbiq etməli olacaqlar. Sosial şəbəkələr istifadəçilərin yaşını texniki vasitələrlə yoxlamalı, əldə edilən məlumatlardan isə kommersiya məqsədləri üçün istifadə edə bilməyəcəklər”.

Elmin Nurinin fikrincə, bu qaydaların tətbiqi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına, onların psixoloji və sosial inkişafının qorunmasına, eyni zamanda təhsil mühitinin daha sağlam formalaşmasına ciddi töhfə verəcək:
“Əminliklə demək olar ki, bu istiqamətdə atılacaq addımlar ölkə təhsili üçün müsbət mənada mühüm və uzunmüddətli dəyişikliklərə səbəb ola bilər”.

Günel Elxan