18:57
518
“Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə yaranan problemlər artıq bütün dünyanı narahat edir. Onların içərisində Azərbaycan da var. İnformasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin və eyni zamanda ora daxil olmaq üçün texniki vasitənin əlçatan olması müasir uşaqların vaxtının əhəmiyyətli bir hissəsini sosial şəbəkə arxasında keçirməsinə səbəb olur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, valideynlər buna nə qədər nəzarət etməyə çalışsalar da yenə də bir çox ailələrdə uşaqların sosial şəbəkələrdən asılılığı şikayətləri eşidilir: “Bir sıra dövlətlərdə bununla bağlı ciddi tədbirlər görülməyə başlayıb. Azərbaycan da bunların içərisindədir və qanunlara edilən dəyişikliklərdə 16 yaşa qədər uşaqların sosial şəbəkədə hesab açmasına icazə verilməyəcək. 16-18 yaş arasında olanlar isə bunu mütləq valideyninin icazəsi ilə həyata keçirəcək. Bu, ona imkan verəcək ki, uşaqlar artıq sosial şəbəkələrdə çox vaxt keçirə bilməyəcəklər. Eyni zamanda, keçirəcəklərsə, bu, artıq valideynin birbaşa məsuliyyətsizliyi nəticəsində mümkün olacaq ki, buna görə də o, artıq hüquq qarşısında məsuliyyət daşımalı olacaq”.
Deputat vurğulayıb ki, edilən dəyişikliklər sağlam nəslin böyüməsi, uşaqların zərərli vərdişlərdən uzaq olması məqsədi daşıyır: “Əlbəttə, bu, qanun və hüquq tərəfidir. Amma hesab edirəm ki, övladı olan hər bir kəs uşaqlarının gələcəyini düşünməli və onların daha çox biliklərə meyillənməsinə, idmanla məşğul olmasına, sağlam vətəndaş kimi böyüməsinə çalışmalıdır. Bu məsələdə valideyn məsuliyyəti ilə qanunun sərtliyi birgə fəaliyyət göstərməlidir”.
Röya İsrafilova