“Azərbaycanın ən böyük problemi turizm sezonlarının məhdud olmasıdır” Gündəm

“Azərbaycanın ən böyük problemi turizm sezonlarının məhdud olmasıdır”

“Azərbaycanın turizm problemi odur ki, yayı və qışı normal deyil. Yəni fəsillər qısadır. Bu da sahibkarın yay turizminin də, qış turizminin də baha başa gəlməsinə gətirib çıxarır. Zaman-zaman Türkiyə ilə müqayisə edirlər, qeyd edirlər ki, orada ucuzdur. Ən böyük ucuzluq səbəbi sezonun uzun olmasıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

X.Kərimli qeyd edib ki, Türkiyədə isti sezon Antalya bölgəsində aprelin sonu mayın əvvəlindən başlayır oktyabra qədər davam edir: “Azərbaycanda isə yay əsasən iyul və avqust ayını əhatə edir. Biri var 7-8 ay işləyəsən, biri də var 2-3 ay işləyəsən. Xərclərin, qiymətlərin aşağı düşməsi və s. O baxımdan sezonun qısa olması ölkə turizminin ən böyük problemidir. Amma bu, bu günlə əlaqədar məsələ deyil”.

İqtisadçı bildirib ki, yayın gözləniləndən də gec başlaması nəzəri olaraq rentabelliyinə təsir göstərə bilər: “Lakin bu təsir bütün turizm növləri üçün eyni deyil. Sərin hava çimərlik turizmi üçün problemdir. Amma əvəzində digər istiqamətlərə müsbət təsir göstərə bilər. Məsələn, bu, mədəni turizm üçün, dağ-meşə turizmi üçün, şəhər içində gəzməyə üstünlük verənlər üçün, əksinə, sərin havalar daha yaxşı ola bilər, daha rahat gəzə bilərlər”.

Röya İsrafilova