11:19
231
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”nin efirində yayımlanan “Aktual Gündəm” verilişinin qonağı olub.
Şuranın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlunata görə, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsiri ətrafında müzakirənin aparıldığı veriliş zamanı "TikTok" platformasının auditoriya genişliyi, bilgi istehlakında yaratdığı tendensiyalar, həmçinin sosial media istifadəçilərinin məsuliyyəti, kontent istehsalının xüsusiyyətləri və ənənəvi medianın yeni rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyi kimi məsələlərə toxunulub.
H.Heydərlinin verilişdə üzərində dayandığı başlıca məqam isə budur ki, hazırda sosial şəbəkələr ictimai rəyi formalaşdıran, bütövlükdə gündəmi müəyyənləşdirən, ən əsası informasiya mübarizəsinin aparıldığı mühüm məkandır. Onların cəmiyyətə, ayrı-ayrı vətəndaş qruplarına təsir imkanları göstərir ki, media qurumları və jurnalistlər mövcud reallığa adekvat davranmalı, auditoriyanın dəyişən vərdiş və tələbatlarını düzgün qiymətləndirməli, bu məkanda daha fəal və peşəkar təmsilçilik aparmalıdırlar.