10:51
259
“Azərbaycan-ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişlənməsi ölkəmizin kənd təsərrüfatının modernləşməsi, qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq”.
Bu sözləri xalqcebhesi.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib.
E.Kərimlinin sözlərinə görə, ABŞ kənd təsərrüfatında innovativ texnologiyaların, süni intellektin, avtomatlaşdırılmış istehsal sistemlərinin, toxumçuluq, seleksiya metodlarının tətbiqi sahəsində dünyanın aparıcı ölkələrindən biridir və bu təcrübənin Azərbaycana transferi məhsuldarlığın artırılmasına, istehsal xərclərinin və həmçinin məhsulun maya dəyərinin aşağı salınmasına ciddi təsir edə bilər: “Digər tərəfdən, ölkəmizdə su ehtiyatlarının məhdudlaşmasını nəzərə alaraq ağıllı suvarma sistemlərinin, eləcə də peyk müşahidələrinin və rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edəcək. Düşünürəm ki, ABŞ şirkətlərinin Azərbaycanın aqrar sektoruna investisiya yatırması yeni emal müəssisələrinin yaradılmasına, ölkəmizin ixrac potensialının genişlənməsinə, regionlarda məşğulluğun və fermerlərin gəlirinin artmasına müsbət təsir edə bilər”.
“Əsasən də Qarabağ və Şərqi Zəngəzurda müasir aqrar istehsal modelinin formalaşması üçün geniş imkanlar mövcuddur. Bu baxımdan Azərbaycan bu əməkdaşlıqdan yalnız müasir texnika və avadanlıqların idxalı baxımından deyil, həm də texnologiya transferi, birgə istehsal və ixtisaslı kadrların hazırlanması istiqamətindən faydalanmalıdır. Bütövlükdə düşünürəm ki, ABŞ ilə iqtisadi münasibətlərin enerji sektorundan kənar sahələrdə genişləndirilməsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyacaq” - deyə iqtisadçı əlavə edib.
Röya İsrafilova