“Hörmüz boğazı ətrafındakı hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb” Gündəm

“Hörmüz boğazı ətrafındakı hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb”

“Hörmüz boğazı fevral ayından bəri gah qapadılır, gah da açılır. Yəni bu, artıq o qədər tez-tez baş verir ki, dünya bazarlarında buna reaksiya zəifləyib, əvvəlki kimi deyil. Əvvəllər daha ciddi təlatümlər olurdu, indi sanki bazar da buna öyrəşib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, biz böhranın dərinləşdiyi günlərdə 120-125 dollar neft qiymətləri görmüşük, indi isə bu, 90-95 dollar civarındadır: “Ona görə də Hörmüz boğazı ətrafında baş verən hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb. Əgər Hörmüz boğazı tam açılarsa, problem kökündən həll olunarsa, neftin qiyməti yenidən 75-85 dollara qədər enəcək. Hələlik isə məsələ ondan ibarətdir ki, böhran necə həll olunacaq, hansı formada həll mexanizmləri tapılacaq. Neft qiymətlərinin dəyişkən olması daha çox Hörmüz boğazı və İran ətrafında gedən məsələlərə görədir. Bu məsələnin aktuallığı aşağı düşən kimi neft qiymətləri enəcək”.

Röya İsrafilova