“Uşaqlar ekranla deyil, həyatla böyüməlidir” Gündəm

“Uşaqlar ekranla deyil, həyatla böyüməlidir”

“Bu gün ən böyük ağrılarımızdan biri uşaqlarımızın dörd divar və bir ekran arasında sıxılıb qalmasıdır”.

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli xalqcebhesi.az⁠ açıqlamasında deyib.

O qeyd edib ki, bir vətəndaş olaraq bu problemi hər gün narahatlıqla müşahidə edirəm: “Reallığı gizlətmədən etiraf etməliyik ki, rəqəmsal asılılıq uşaqların təkcə sağlamlığına deyil, onların düşüncə tərzinə, sosial bacarıqlarına və gələcək inkişafına ciddi təsir göstərir. Rəqəmsal dünyanın sürətli və daim dəyişən təbiəti uşaqların diqqət müddətinə təsirsiz ötüşmür.
Sinifdə müəllim dərsi izah edərkən bəzi uşaqların diqqətindəki dağınıqlığı görmək mümkündür. Çünki telefon və digər rəqəmsal platformalar uşağa saniyələr içində dəyişən, rəngarəng informasiya təqdim edir. Halbuki dərs oxumaq, araşdırmaq və öyrənmək səbir, diqqət və zəhmət tələb edir. Bu fərq uşaqların öyrənmə vərdişlərinə mənfi təsir göstərir”.

Ə.Həsənlinin sözlərinə görə, problem yalnız təhsillə məhdudlaşmır, uşaqların sosial inkişafı da bundan təsirlənir:
“Şəhər mühiti uşaqları həyət mədəniyyətindən, canlı ünsiyyətdən uzaqlaşdırıb. Əvvəllər uşaqlar həyətdə oynayaraq, dostları ilə münasibət quraraq, müxtəlif situasiyaları yaşayaraq həyat təcrübəsi qazanırdılar. Bu gün isə bir çox uşaq enerjisini və vaxtını ekran qarşısında keçirir. Nəticədə canlı ünsiyyət bacarıqları zəifləyir, empati hissi azalır, sosiallaşma prosesi çətinləşir. Fiziki aktivliyin azalması da uşaqların inkişafına mənfi təsir göstərən əsas amillərdəndir.Hərəkətsiz həyat tərzi uşağın həm fiziki, həm də zehni fəaliyyətinə təsir edir. Fiziki aktivliyi olmayan uşaqdan yüksək öyrənmə potensialı gözləmək düzgün deyil”.

Ekspert vurğulayıb ki, çıxış yolu texnologiyanı tamamilə qadağan etmək deyil, ondan düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır:
“Biz uşaqları texnologiyadan tam uzaqlaşdıra bilmərik və buna ehtiyac da yoxdur. Əsas məsələ onlara smartfondan yalnız vaxt keçirmək üçün deyil, öyrənmək, yaratmaq və inkişaf etmək üçün istifadə etməyi öyrətməkdir. Məktəb mühiti uşaqlar üçün daha cəlbedici və yaradıcı olmalıdır.
Uşağı ekrandan uzaqlaşdırmağın ən effektiv yolu ona daha maraqlı alternativ təqdim etməkdir. Məktəb dərnəkləri real fəaliyyət göstərməli, idman, yaradıcılıq, robototexnika, teatr və digər istiqamətlər üzrə imkanlar genişləndirilməlidir. Məktəb həyətləri daha aktiv və yaşıl məkanlara çevrilməli, açıq havada dərslər, ekskursiyalar və komanda oyunları təhsil prosesinin bir hissəsi olmalıdır. Uşaqların real dünyada uğur və ünsiyyət təcrübəsi qazanması onların virtual aləmə həddindən artıq bağlanmasının qarşısını ala bilər.Əgər uşağa enerjisini və potensialını canlı şəkildə ifadə etmək imkanı yaratsaq, o özü virtual dünyadan real həyata yönələcək. Çünki heç bir ekran canlı ünsiyyəti, dostluğu və birgə əldə edilən uğurun verdiyi hissi əvəz edə bilməz”.

Günel Elxan