Şərif: ABŞ və İran arasında tarixi "İslamabad memorandumu" qüvvəyə mindi Gündəm

Şərif: ABŞ və İran arasında tarixi "İslamabad memorandumu" qüvvəyə mindi

ABŞ və İran prezidentləri tərəfindən imzalanmış anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində onu bəyənib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib.

"Bu gün Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında tarixi 'İslamabad anlaşma memorandumu'nun elektron formatda imzalandığını elan etmək mənim üçün böyük şərəfdir. Memorandum hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və vasitəçi olaraq mənim tərəfimdən də bəyənilib", — deyə Şərif "X" sosial şəbəkəsində yazıb.

"İslamabad anlaşma memorandumu dərhal qüvvəyə minir və ilk addım olaraq İran İslam Respublikası dərhal Hörmüz boğazını açacaq, Amerika Birləşmiş Ştatları isə dərhal hərbi-dəniz blokadasını ləğv edəcək", — deyə Pakistan hökumətinin başçısı dəqiqləşdirib.

Pakistanın Baş naziri münaqişənin dinc yolla nizamlanmasına sadiq qaldıqları üçün ABŞ və İran rəhbərliyinə təşəkkür edib. O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib.

Məryəm Quliyeva