“Mətbuatımız Zərdabinin xəyal belə edə bilməyəcəyi zirvəyə yüksəlib” Gündəm

“Mətbuatımız Zərdabinin xəyal belə edə bilməyəcəyi zirvəyə yüksəlib”

“Azərbaycan mətbuatı qurulduğu anda böyük şəxsiyyət Həsən bəy Zərdabinin arzu etdiyindən minlərlə dəfə irəli gedib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət söyləyib.

A.Həsrət vurğulayıb ki, Həsən bəy Zərdabi sadəcə olaraq əvvəlimci müsəlman qəzeti olan “Əkinçi”ni çap edərkən milləti maarifləndirmək məqsədini qarşısına qoymuşdu: “Təbiidir ki, işğalçı çar Rusiyası o dönəmdə bu qəzetin yaşamasına imkan vermədi, cəmi 56 nömrədən sonra qəzetin çapı dayandırıldı. Lakin Həsən bəy Zərdabi elə bir çıraq yandırdı ki, aradan 151 il keçməsinə baxmayaraq biz hələ də o çırağın işığında irəli gedirik”.

Əməkdar jurnalistin sözlərinə görə, bu gün Azərbaycan mətbuatı, bütövlükdə mediası Zərdabinin xəyal belə edə bilməyəcəyi zirvəyə yüksəlib: “Yəni bizim mediamız həqiqətən də bir zamanların arzularını çoxdan kölgədə qoyub. Həddindən artıq irəli getmişik. Bu gün dünyada media sahəsində elə bir icad, elə bir tətbiq yoxdur ki, Azərbaycanda da olmasın. Yəni biz dünyanın ən aparıcı dövlətlərinin mediası ilə ayaqlaşa bilirik. Əlbəttə ki, bu da Zərdabinin arzularının yüksək səviyyədə çin olması deməkdir. Baxmayaraq ki, o, bunları o dönəmdə xəyal belə edə bilməzdi. Amma biz vaxtın axarında zamanın nəbzini tutaraq bu zirvəyə yüksələ bilmişik”.

Röya İsrafilova