11:06
315
“PKK problemi Türkiyəni onilliklər boyu ciddi şəkildə narahat edən bir problemdir. Bu problemin əsas qaynağı Türkiyənin daxilində kimi görünmüş olsa da, əslində, belə deyil, bu, ölkə xaricindən idarə olunan problemdir. Hətta bu problemi kürd problemi kimi də təqdim etməyə çalışırlar, amma əslində, Türkiyənin kürd problemi yoxdur, Türkiyənin PKK problemi var. PKK problemi isə kənardan idarə olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloq söyləyib ki, Türkiyəyə qarşı mübarizə aparan bəzi dövlətlər PKK terror təşkilatını həm maliyyələşdirir, həm də onun Türkiyəyə qarşı fəaliyyətini istiqamətləndirirlər: “Bu baxımdan təbii ki, Türkiyə Böyük Millət Məclisində qəbul edilən yeni qanun bu problemin həllində müəyyən rol oynaya bilər. Ancaq əsas problem kənarda olduğuna görə problemin tam həll edilib-edilməyəcəyi hələlik müəmmalı qalır. Çünki bir müddət öncə PKK terror təşkilatının tərksilah olunması ilə bağlı anlaşma əldə olunmuşdu. Amma təəssüf ki, bu proses yarımçıq qaldı və sona çatdırılmadı”.
E.Xalidbəyli əlavə edib ki, PKK-nın tərksilah prosesinin birmənalı şəkildə yekunlaşdırılacağına tam təminat yoxdur: “Çünki PKK-nı idarə edənlər, arxasında duranlar Türkiyənin qlobal məkanda rəqibi və yaxud da düşməni olan bəzi dövlətlərdir. Bu dövlətlər də PKK-nın mövcudluğunda maraqlıdırlar. Bu baxımdan hesab etmək olar ki, PKK probleminin tam yekunlaşması üçün son nəfərə qədər tərksilah olunaraq belə bir təşkilatın ləğv edildiyinin birmənalı şəkildə elan edilməsi və təsdiqlənməsi olduqca vacibdir”.
Röya İsrafilova